Son yeniləmə: 10 Aprel 2021 13:34
Karantin şərtlərinə qarşı sistemli kampaniya aparan, nisbi təcrid elementlərinin aradan qaldırılmasını tələb edən qruplar ortaya çıxıb. Hazırda daha çox tibbi maska üzərində fokuslanıblar. Açıq havada, parklarda, küçələrdə tibbi maskadan məcburi istifadənin ləğv edilməsini istəyirlər. Sosisal şəbəkələr üzərindən “#nəfəsalaq” həştəqi ilə keçirilən kampaniya çərçivəsində yazılan şərhlərin, verilən təkliflərin çeşidi deməyə əsas verir ki, təcrid rejiminin ayrı-ayrı komponentlərini deyil, COVID19 əleyhinə olan tədbirlərin əksəriyyəini hədəf seçiblər.
Son niyyətləri, perespektiv planları nədir? Qəti fikir söyləmək çətindir. Bəlkə də səmimi niyyətləri elə kampaniyanın ideyasında açıqladıqları tezislərlə eynidir; doğrudan-doğruya inanırlar ki, tibbi maskalardan istifadəni aradan qaldırmaqla insanlara fayda verəcəklər. Hər nədirsə, kampaniyanın tezislərində mübahisə doğuran, anlaşmaz olan məqamlar çoxdur. Tibbi maskalardan istifadənin məcburiliyi tələbi təsadüfən yaranmayıb axı. Ortada COVID19-a yoluxmuş, onun əziyyətini çəkmiş, canını zorla qurtarmış insanların hekayətləri var. Hər birimizin çalışdığımız kollektivlərdə, dost-tanış arasında, qohum-əqrəba sırasında virusun bəlasından zillət çəkmiş 10-larla insan var. Nələr yaşadıqlarını danışırlar, bizlər də eşidirik. Söhbət yoluxmanın aktiv dönəmində ortaya çıxan çətinliklərdən getmir. Bu barədə təsəvvürlər genişdir. Məsələ yoluxmanın aktiv fazası keçdikdən sonra ortaya çıxan problemlərdədir. Virusun sinir sistemində, qan-damar sistemində yaratdığı problemlər aylarla davam edir, bəzən 6 ay, bəzən 1 il boyunca insanlara əziyyət verir.
Danışılanlardan bəlli olur ki, bu əziyyətlərə dözmək tibbi maska geyinməyin əziyyətindən 100 dəfələrlə çətindir. Yəni tibbi maska geyinib yüngül təcrid şərtlərinə əməl etməklə sağlam qalmaq daha asandır, nəinki şərtlərdən imtina edib yoluxmaq, sonra da uzun müddət problemlər içində çarpışmaq. Tibbi maskaya, yüngül təcrid şərtlərinə qarşı çıxanlar bunun əksini sübut edə bilərlərmi? Belə görünür ki, indi tibbi msakaya qarşı çıxanlar COVID19-un əzabını bilməyənlərdir…