Son yeniləmə: 10 Aprel 2021 23:23
Vüqar İskəndərov: Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə Qırğızıstanda məmnunluq doğurub
Bayraqdar.info – “Artıq iki gündür ki, Qırğızıstandayıq. TürkPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində bu ölkədə aprelin 11-də Konstitusiyanın dəyişdirilməsi üçün keçiriləcək ümumxalq səsverməsi-referendumu müşahidə edəcəyik. Bu çərçivədə Missiya üzvləri olaraq aprelin 9-da Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova ilə görüşümüz oldu. Daha sonra Qırğızıstanın Xarici işlər naziri Ruslan Kazakbayevlə də görüşdük. Daha bir görüşümüz Qırğızıstan parlamenti – Coqorku Keneşin sədri Talant Mamıtovla keçirildi. Qeyd edim ki, bu görüşlər zamanı Qırğızıstan rəsmiləri ölkəmiz, o cümlədən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçrilən siyasət barədə xoş sözlər söylədilər. Xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən məmnunluq duyduqlarını xüsusi olaraq vurğuladı.”
Bu sözləri bayraqdar.info-ya açıqlamasında nümayəndə heyətinin tərkibində olan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin deputatı Recep Şekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə spiker Talant Mamıtov referenduma hazırlıq, bu böyük siyasi kampaniyanın demokratik ruhda, açıq və ədalətli keçirilməsi istiqamətində görülən işlərdən danışıb: “Bundan başqa parlamentin sədri türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar və həyata keçiriləcək layihələrdən də söhbət açdı. Bu istiqamətdə TürkPA-nın böyük rolu olduğunu diqqətə çatdırdı”.
“Onu da deyim ki, hər üç görüşdə mən də çıxış edərək Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın salamlarını çatdırdım, eyni zamanda ölkəmizin həyata keçirdiyi siyasət və postmüharibə dövründəki vəziyyət barədə ətraflı məlumat verdim. Həmçinin bildirdim ki, türkdilli dövlətlər arasında münasibətlərin inkişafı ölkələrimizin mənafeyinə uyğundur. Onu da vurğuladım ki, keçiriləcək referendum Qırğızıstanı demokratik inkişafa aparan daha bir addımdır”, – deyə, Vüqar İskəndərov əlavə edib.
[…] – Xəbər verdiyimiz kimi aprelin 11-də Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün referendum və yerli […]