Press "Enter" to skip to content

Marqarita Simonyandan Fukuyamanı ermənipərəst etmək cəhdi

Son yeniləmə: 10 Aprel 2021 15:11

Yoşihiro Frensis Fukuyamanı tanımayan politoloq və fəlsəfəçi tapmaq mümkün deyil. Xatırladaq ki, 1992-ci ildə yapon mənşəli bu amerikalı filosof, politoloq və siyasi iqtisadçının işıq üzü görmüş “Tarixin sonu və axırıncı insan” adlı əsəri onu bütün dünyaya məşhur etdi. Əsərin qısa məzmunu budur ki, SSRİ-nin dağılmasından sonra qarşıdakı illərdə bütün dünyada liberal demokratiya qələbə çalacaq və liberal cəmiyyətlərin vahid planetar hakimiyyəti qurulacaq. Lakin 2000-ci illərin əvvəllərində Fukuyama öz fikirlərini bir qədər dəyişməli oldu. O, milli dövlətlərin özlərini qorumaq instinktini, əhali artımını və təbii sərvətlərin tükənməsi səbəbindən millətçiliyin güclənəcəyini nəzərə almadığını etiraf etdi.

Sözümüz F.Fukuyamanın fəlsəfi fikirləri, proqnozları və onun ardıcılları barədə deyil. Bizim diqqətimizi cəlb edən mövzu tam fərqlidir: bir əcnəbi saytda Fukuyama tərəfindən guya Azərbaycanın “erməni torpaqlarını işğal etməsi”ndə ittiham edilməsinin yazılması.

Belə ki, Frensis Fukuyamanın aprelin 5-də “americanpurpose.com” saytında “Yaxın Şərqdə uğultu” (“Droning on in the Middle East”) məqaləsi dərc edilib.

Məqalənin adında Fukuyama söz oyunundan istifadə edib. “Droning” sözü ingilis dilində həm də “dronlama” mənasını da verə bilər. Məqalədə Türkiyə Cümhuriyyətinin son illərdə pilotsuz idarə edilən aparatların (istər uçuş, istərsə də suda üzən və quruda yürüyən) texnologiyası üzrə əldə etdiyi uğurlardan bəhs edilib. Amerikalı filosof göstərib ki, bu texnologiyaları əldə edən Türkiyə regionda hərbi balansı öz xeyrinə dəyişə bilib. Bu məqalənin qısa icmalı Azərbaycanda bəzi azərbaycandilli və rusdilli saytlarda dərc edilib. Çünki Fukuyamanın məqaləsində işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasında Türkiyə PUA-larının rolu xüsusi vurğulanır. Həqiqət naminə deyək ki, Fukuyama məqalədə yeni bir kəşf etməyib. Onun ABŞ və ümumiyyyətlə, Qərb dünyasının mediasında ermənipərəst qüvvələrin istifadə etdiyi şablonların (məsələn, “Dağlıq Qarabağın” nəsə ayrıca bir siyasi-coğrafi məkan olması) təsiri altında olması özünü göstərir. Bu isə ümumilikdə Fukuyamanın toxunduğu mövzu üzrə nə qədər bilikli olmasını sual altında qoyur.

İndi isə əsas məsələyə keçək. Rusiyanın “inosmi.ru” resursunda Fukuyamanın həmin məqaləsinin tərcüməsi verilib.

Diqqətimizi rusdilli saytda Fukuyamanın bir cümləsi cəlb etdi. Rusdilli saytın yazdığına görə, Fukuyama bildirir ki, “Nəhayət, sentyabrda Dağlıq Qarabağda müharibə zamanı türk dronları Azərbaycan tərəfində Ermənistana müdaxilə edərək təqribən 200 tank, zirehli texnikanın 90 digər vahidini və 182 artilleriya silahını məhv edərək Ermənistanı nəzarət etdiyi ərazidən çəkilməyə məcbur etdi”.

Əcəba, türk dronları nə zaman Ermənistana müdaxilə edib? Qarabağ nə zamandan Ermənistanın ərazisi olub? Dünya şöhrətli amerikalı politoloq ermənipərəstdir, yoxsa politologiyadan uzaq savadsızdır?

S. Fukuyamanın ermənipərəst və ya savadsız biri olması barədə məqalə yazmaq üçün bir səbəb yarandı, amma “Lənət şeytana!” deyib, amerikalı politoloqun ingilis dilində dərc olunmuş orijinal məqaləsində bu fikiri dediyini yoxlamağı qərara aldıq. Bu zaman maraqlı bir faktla üzləşdik.

İngilis dilindəki orijinal mətndə həmin cümlə Azərbaycan dilinə belə tərcümə olunur: “Nəhayət, sentyabrda Dağlıq Qarabağda müharibə zamanı Ermənistana qarşı türk dronları Azərbaycan tərəfini dəstəkləyərək (Azərbaycanın tərəfini tutaraq – P.E.) təqribən 200 tank, zirehli texnikanın 90 digər vahidini və 182 artilleriya silahını məhv edib, sonuncunu nəzarət etdiyi ərazidən çəkilməyə məcbur etdi”.

Cümlədəki “intervening for” ifadəsi “dəstəkləmə” kimi işlədilib. Deməli, inosmi.ru saytının ermənibaş tərcüməçisi qəsdən Fukuyamanın fikrini təhrif edərək 200 milyon auditoriyası olan rusdilli mühitdə yanlış fikir yaratmağa çalışıb. Fukuyamanın məqaləsində həmin cümlə peşəkar tərcüməçi üçün çox sadə quruluşa malikdir. Beləliklə, burada sadəcə tərcümə səhvi istisnadır. “İnosmi.ru” saytının tərcüməçisi, redaktoru və ya məsul şəxsi qərəzli olaraq və bilərəkdən oxuculara belə bir fikir sırıyır ki, amerikalı politoloq türk dronlarının Ermənistana müdaxilə etməsini bildirib.

Ümumiyyətlə, “inosmi.ru” saytını nəzərdən keçirdikdə onun neytral və obyektiv internet resursu olması şübhə doğurur. İşğal olunmuş Azərbaycan torpaqları məsələsində bu resursun xarici KİV-lərdən rus dilinə tərcümə etdiyi məqalələrin 50-dən 1-i həqiqətə yaxındır. Yerdə qalan 49 hissəsi isə sırf ermənilərin və ermənipərəst qüvvələrin mövqeyini əks etdirir. “İnosmi.ru” internet portalı qeyri-dövlət mediası deyildir. MİA ”Rossiya Segodyna” agentliyi ilə əlaqəlidir və Rusiya Federasiyasının Nəşr və İnformasiya Federal Agentliyi (“Rospeçat”) tərəfindən dəstəklənir.

İndi isə ən maraqlı və Fukuyamanın sözlərinin niyə ermənipərəst yöndə təhrif olunmasına işıq salan bir məqam: 2013-cü ildən MİA ”Rossiya Segodyna” Agentliyinin baş redaktoru Marqarita Simonyandır.

Mission News Theme by Compete Themes.