Press "Enter" to skip to content

Litva Çinin uyğurlara qarşı soyqırımını müzakirə edəcək

Son yeniləmə: 10 Aprel 2021 11:30

Bayraqdar.info – Baltic News Service-in yaydığı xəbərə görə, aprelin 22-də Litva Seymində Çindəki uyğurların durumu müzakirə ediləcək. Parlament sədri Viktoriya Çmilite-Nilsenin bildirdiyinə görə, geniş bir sənədin qəbulu da nəzərdə tutulur.

“Biz məhz aprelin 22-də bu məsələlərlə bağlı müzakirənin keçirilməsini qərarlaşdırmışıq. Çin haqqında danışacağıq. Uyğurların durumunu müzakirə edəcəyik. Müzakirədə başqa ölkələrdən nümayəndələr də iştirak edəcək. Bu, yetərincə yüksək səviyyəli ekspert müzakirəsi olacaq. Şadam ki, belə bir müzakirə bizim parlamentdə olacaq”, – deyə Viktoriya Çmilite-Nilsen LRT radiosuna bildirib.

Xanım sədr onu da əlavə edib ki, bəyannamə və ya konkret bir sənədin qəbulu da ehtimal edilir.

“Əlbəttə, irəli qaçmaq istəməzdim. Lakin biz insan haqlarının pozulmasıyla bağlı çıxış edəcəyikmi? Cavab aydındır: bəli, bu haqda danışacağıq”, – deyə Litva Seyminin rəhbəri bildirib.

Parlament rəhbəri onu da əlavə edib ki, bir neçə gün öncə Belçika və Hollandiya parlament rəhbərlərilə birgə Çində insan haqlarının pozulmasına qarşı çıxanlarla bağlı “qara siyahı”sını qınayan sənədə imza atıb. Bu siyahıda adı olanlar arasında Litvalı deputat Dovile Şakalenenin də adı var.

Qeyd edək ki, hazırda bütün dünyada Çinin uyğurlara qarşı zülmü ən yüksək səviyyələrdə müzakirə edilir. İş ondadır ki, Çin rejimi ən azı 3 milyon uyğuru həbs düşərgələrində “yenidən tərbiyə” etmək adı altında saxlayır. Eyni zamanda uyğurların məcburi əməyə cəlb edilməsi geniş yayılıb. Bütün bunlarsa insan haqlarına həssas olanların diqqətindən yayına bilməz.

Mission News Theme by Compete Themes.