Press "Enter" to skip to content

Deputatdan Azərbaycan-İraq münasibətləri ilə bağlı dəyərləndirmə – ÖZƏL

Bayraqdar.info – “İraq parlamenti nümayəndə heyətinin Azərbaycan səfəri çox məhsuldar və yaddaqalan oldu. Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıldı. Bu görüşlərdə ölkələrimiz arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyi vurğulanaraq həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyi bildirildi.”

Bunu İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarını dəyərləndirən Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov deyib.

Bayraqdar.info-ya açıqlamasında deputat bildirib ki, səfərin ilk günü aprelin 5-də Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən iraqlı parlamentarilər həm Azərbaycan parlamentində, həm də digər qurumlarda görüşlər keçiriblər: “Xarici İşlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ), ASAN Xidmət Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşlərdə ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərindən danışıldı. Bildirildi ki, Azərbaycan daim İraqın ərazi bütövlüyünü dəstəkləyib, İraq da beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirib. Həmçinin həmin görüşlərdə İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri ölkələrimiz arasında mövcud olan müsbət əlaqələrdən bəhs edərək, beynəlxalq səviyyədə Azərbaycanın İraqa verdiyi dəstəyi, eləcə də Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla vurğuladı”.

“Mən bu çərçivədə Milli Məclisdə iraqlı qonaqlarla keçirlən görüşün üzərində xüsusi olaraq dayanmaq istəyirəm”, deyən deputatın sözlərinə görə, həmin görüşdə hazırkı səfərin ölkələrimizin parlamentləri arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan-İraq münasibətlərinin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yaradıb: “Qeyd olundu ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir. Görüşdə o da qeyd edildi ki, hazırda İraqda sabitlik mövcuddur. Bu sabitliyin təmin edilməsində parlamentin qəbul etdiyi qanun və qərarlar mühüm rol oynayır. Eyni zamanda İraq parlamentində Azərbaycanla münasibətlərin daha da inkişafı üçün mütəmadi işlər görülür”.

“Bu səfər Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırlması baxımından da önəm daşıyır. Səfər zamanı qonaqlara 44 günlük Vətən müharibəsi və Zəfər yolumuzun bütün tarixi, Ermənistanın istər müharibədən öncə, istərsə də hazırda sərgilədiyi mövqe, xalqımıza qarşı həyata keçiridyi soyqırımı, o cümlədən Xocalı soyqırımı haqqında ətraflı məlumat verildi. Bunları dinləyən qonaqlar deyirdilər ki, biz bir çox həqiqətləri burda öyrəndik. Eyni zamanda iraqlı parlamentarilər ölkəmizlə bağlı həqiqətlərin İraq ictimiyyətinə çatdırılması üçün bundan sonra daha fəal iş aparacaqlarını dedilər. Onu da deyim ki, 4 komitə sədrinin və parlamentin baş katibinin təmsil olunduğu 21 nəfərlik nümayəndə heyətinin tərkibində ayrı-ayrı partiyaların nümayəndələri var idi. Onların hər biri qeyd etdi ki, Azərbaycan həqiqətlərini hər birimiz öz partiyamızda müzakirə edəcəyik və İraq-Azərbaycan dostluğuna öz töhfəmizi verəcəyik. Nəhayət , Azərbaycan parlamentariləri də İraqa səfərə dəvət edildi və heç şübhəsiz ki, bu səfərin münasib bir vaxtda baş tutması üçün addımlar atılacaq”, – deyə İlham Məmmədov bildirib.

Mission News Theme by Compete Themes.