Press "Enter" to skip to content

Bu saytda hətta bizi də tənqid etmək sərbəstdir

Əziz oxucular.

Bayraqdar.info artıq 10 gündür ki, rəsmən fəaliyyətdədir. Heç bir reklam etmədik. Yalnız sosial mediada paylaşımlarımız oldu. Onu da intensiv etmədik. Çünki sandıq ki, ilk günlərdə hər şeyi taleyin öhdəsinə buraxıb başımıza gələcəklərə görə hərəkət edək. Bu 10 günün rəqəmləri göstərir ki, doğru yoldayıq. Heç bir tanıtma olmadan artıq dünyanın 52 ölkəsindən ziyarətçilərimiz var. Demək ki, saytımız ən azından axtarış motorlarında gözə dəyir.

Əlbəttə, yazılarımızın izlənməsi hələlik 4 rəqəmlə ifadə olunmur. Lakin 3 rəqəmlə ifadə olunanlar az deyil.

Diqqətimizi çəkən odur ki, araşdırma yazılarımız, eyni zamanda kütləvi yayılan xəbərləri fərqli təqdim etməyimiz diqqət çəkir.

Türk dünyası öncəliyimizdir. Diqqət çəkir və türk dünyasının müxtəlif yerlərindən bizə müraciətlər gəlməyə başlayıb.

Ciddiyyətimiz diqqət çəkir və təqdir edilir.

Azərbaycan, ABŞ, Qırğızıstan, Türkiyə, Rusiya və İrlandiyanın hər birindən unikal ziyarətçi sayımız 100-dən artıqdır. Təbii ki, Azərbaycanlı unikal ziyarətçilərin sayı dəfələrlə artıq olmaqla 2 minə çatır.

Bir də istərdik belə bir məsələyə aydınlıq gətirək: saytımız şəxsi münasibətlərimizdən asılı olmayaraq hər kəsə bərabər məsafədədir. Bir az da açıq desək, qurucu və redaktor olaraq şəxsən mənim yaxşı münasibətdə olmadığım siyasi xadimlər və ictimai fəalların belə xəbər və yazılarına açığıq. Təbii ki, bizim elan etdiyimiz və dünyanın söykəndiyi media standartlarına uyğun olacağı təqdirdə. Yəni bayraqdar.info bir media resursudur və medianın qızıl qaydası – tələbi çərçivəsində davranaraq hər kəsə bərabər məsafədə dayanır. Hətta şəxsən məni tənqid etmək istəyənlərə belə qapılarımız açıqdır.

Bu arada altını cızaraq vurğulamaq istərdik: heç bir yazı, işıqlandırma ödənişli deyil və ola da bilməz! Zamanla işlərimiz tam yoluna düşəndə reklam yazılarımız ola bilər. Lakin üzərində açıq mətnlə reklam olduğu yazılmaq şərtilə. Eyni zamanda reklam yazısının dərci müqavilə əsasında olacaq və uyğun ödənişlər şəffaf şəkildə həyata keçiriləcək. Yəni kimdənsə gizli yolla pula alıb nəsə dərc etmək təcrübəsini əsla və əsla yaxın buraxan deyilik.

Bizimlə işləyən jurnalistlər də medianın ən yüksək peşə əxlaqı dəyərlərinə söykənməlidirlər. Bu dəyərlərə azacıq da olsa sayğısızlıq edənlərlə yollarımız dərhal ayrılacaq!

Özünü bizimlə sınamaq istəyən gənc qələmlərə də meydan verməyə hazırıq. Vicdanlı jurnalistikaya ilk addımını bizdən atmaq istəyənlər buyursunlar.

Bizdə baş redaktor vəzifəsi yoxdur. Ola bilsin gələcəkdə – kollektiv böyüyəndə baş redaktora ehtiyac olsun.

Elan etdiyimiz kimi kəmiyyət deyil, keyfiyyət ardınca qaçırıq. Ona görə də bəzən xəbərlərimiz gecikmiş kimi görünə bilər. Lakin oxuduqda hər bir oxucu görəcək ki, biz fərqli və daha dolğun yazırıq. Artıq bunu bizə deyənlər var. Üstəlik, ciddi bir media olduğumuzu da yetərincə peşəkar insanlar şəxsimizə bildiriblər.

Azər HƏSRƏT, qurucu-redaktor

Mission News Theme by Compete Themes.