Yaxud Bolqarıstanın yeni hökumətində türklərin çoxluq təşkil etdiyi HÖH də yer alacaqmı?
Bolqarıstanda aprelin 4-də keçirilmiş parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb. Bolqarıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, 6 milyon 789 min 605 seçiçinin 3 milyon 334 min 283-ünün (50,51 faiz) iştirak etdiyi seçkilərdə Baş nazir Boyko Borisovun lideri olduğu “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı” Partiyası (GERB) 26,18, populyar şoumen Slavi Trifonovun “Belə Bir Xalq Var” (ITN) adlı partiyası 17,66, Rusiyapərəst Bolqarıstan Sosialist Partiyası (BSP) 15,01, üzvlərinin çoxu türklər və müsəlmanlar olan Haqq və Özgürlüklər Hərakatı (HÖH) 10,51, Boyko Borisovun keçmiş hökumətlərindən birində ədliyyə naziri olmuş Xristo İvanovun yaratdığı və Borisova qarşı aksiyalarda xüsusi fəallıq göstərən sağçı Demokratik Bolqarıstan (DB) 9,45, BSP-nin keçmiş millət vəkillərindən Maya Manolovanın qurduğu və sol kəsimin dəstəyini alan “Ayağa Qalx! Quldurlar Dışarı!” (ISMV) adlı siyasi təşkilat 4.72 faiz səs qazanıb.
Beləliklə, seçki vaxtı keçirilmiş rəy sorğuları əsasında səslənən fikirlər öz əksini tapıb. Yəni bu nəticələrə əsasən, heç bir partiya təkbaşına hökumət qurmaq imkanına malik deyil. Çünki Konstitusiyaya əsasən hökumətin parlamentdən dəstək alması üçün 121 deputatın formalaşacaq kabinetin lehinə səs verməsi vacibdir. Lakin seçkiləri ilk sırada tamamlayan GERB 240 yerlik parlamentdə cəmi 75 mandata sahib olacaq. Eyni zamanda, toplanan səs faizlərinə əsasən İTN 51, BSP 43, HÖH 30, DB partisi 27 ve İSMV 14 mandat qazanıb.
Göründüyü kimi bu nəticə Bolqarıstanda yeni hökumətin qurulmasının heç də asan olmayacağına işarə edir. Mövcud kabinetin necə formalaşa biləciyi ehtimalına bir qədər sonra toxunacağıq. Hələlik isə bildirmək yerinə düşər ki, bu seçki baş nazir Boyko Borisovu bitirən seçki kimi tarixə düşəcək. Çünki buna qədər 3 dəfə baş nazir olmuş Borisov 4-cü dəfə də hökumət başçısı olmağa iddialı idi. Lakin ötən ilin ortalarında mafiya ilə əlaqələrinin ortaya çıxması Borisov üçün sonun başlanğıcı oldu. Həmin vaxt xalqın etirazlarına tuş gələn baş nazir mətbuatla əlaqələrini tamamilə kəsdi. Bütün bunların fonunda o, 4 aprel seçkilərində xalqın hakim partiyaya etimad göstərəcəyinə ümid edirdi. Bununla belə seçki günü keçirilən rəy sorğularının nəticələri onun son ümidini də puç etdi. Və o, seçkinin rəsmi nəticələrinin elan olunmasını gözləmədən parlament üzvlüyündən vaz keçdiyini bəyan etdi.
Yeni kabinetin hansi tərkibdə formalaşa biləcəyinə gəlincə, Borisov parlamentdə ən çox mandata sahib olan partiya olmalarına rəğmən yeni hökumət qurmaq üçün fəaliyyətə keçmək niyyətində olmadığına işarə edib. O, yeni hökumət qurmaq məsuliyyətinin heç bir seçki kampaniyası aparmadan, siyasi platforma açıqlamadan, sadəcə şəxsi xarizması nəticəsində parlamentdə ikinci böyük qrupa sahib olan soumen Trifonova verilməsindən yana olduğunu deyib.
Qeyd edək ki, MSK parlamentdə yer alacaq millət vəkillərinin adlarını açıqlamaq üçün siyasi partiyalardan aprelin 11-nə kimi məlumat gözləyir. Bundan sonra keçiriləcək yeni parlamentin ilk iclasında rəyasət heyəti formalaşacaq. Prezident Rumen Radev isə Konstitusiyaya uyğun olaraq parlamentdə ən çox mandata sahib olan GERB-ə yeni hökumət qurmaq səlahiyyəti verəcək. Əgər Borisov öz mövqeyində qalaraq, hökuməti qurmaq səlahiyyətindən imtina edəcəksə, o zaman prezident bu səlahiyyəti Trifonova verməlidir.
Hazırda 51 mandata sahib Trifonovun ITN partiyası ən yaxşı halda üç partiyalı koalisiya hökuməti qura bilər. Düzdür, ehtimal etmək olar ki, İTN GERB-i özünə ortaq edərək, məsələni tez bir zamanada həll edəcək. Amma bunun müsbət tərəfi ilə (İTN-GERB hökuməti parlamentdə 126 mandata sahib olur ki, bu da etimad səsi almağa kömək edir) yanaşı, mənfi gözləntiləri də ola bilər. Məsələn GERB hökumət ortağı olsa da, daha çox mandata malik olduğu üçün xüsusi şərtlər irəli sürə bilər. Lakin seçki boyu səssiz qalıb, seçkidə sürpriz nəticə ilə ikinci sırada qərarlaşan şoumen Trifonovun yeni hökumət qurma istiqamətində də ağla gəlməyəcək manevrlər edə biləcəyi gözləniləndir. Məsələn, mümkündür ki, o, bir vaxtlar koalisiya ortaqları olmus BSP və HÖH-lə birlikdə üçlü koalisiya qursun. Bu zaman həm lazım olan 121 etimad səsi təmin olunur, həm də bu koalisiyada İTN-nin ağırlığı qorunmuş (İTN 51, BSP 43, HÖH 30) olur. Yəni göründüyü kimi belə bir koalisiya formalaşacağı təqdirdə İTN həm ən çox mandata sahib, həm də hökuməti qurmaq səlahiyyəti olan partiya kimi diqtə edən tərəf rolunu oynayacaq.