Son yeniləmə: 10 Aprel 2021 18:41
Bayraqdar.info – Aprelin 10-da Müdafiə Nazirliyinin hərbi polisinin qurulmasının 29-cu ildönümüdür. Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir: “1992-ci ildə Müdafiə nazirinin əmri ilə yaradılan bu qurum çətin və şərəfli yol keçib. Hərbi polisin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı zamanı əsas səylər dövlətin və xalqın mənafeyinin müdafiəsinə, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, qarşıya qoyulan tapşırıqların istənilən şəraitdə yerinə yetirilmə əzminin yüksək səviyyədə saxlanılmasına yönəldilib”.
Xəbərdə daha sonra qeyd edilib ki, hərbi polisin şəxsi heyəti Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda fəal iştirak edib, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.
Hazırda hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.
MN-nin açıqlamasında hərbi polis naryadlarının yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarında olan stasionar və səyyar postlarda sutkaboyu xidmət aparması, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirməsindən söz açılıb.
Bildirilib ki, hərbi polis müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini və mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, əraziyə daxil olan texnikanın uçotunu aparır, həmçinin kolonların müşayiətini təmin edir.