Son yeniləmə: 9 Aprel 2021 09:46
Yücel Karauz: Azərbaycan və Türkiyə yerləşdikləri bölgədə sülhü təmin etmək üçün güclü orduya sahib olmalıdırlar
Bayraqdar.info – “6-8 aprel tarixlərində Azərbaycan və Türkiyə hərbiçilərinin iştirakı ilə keçirilən rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri xüsusi əhəmiyyətə malikdir. Bizdə gözəl bir söz var: rabitəsiz müharibə olmaz. Yəni etibarlı rabitə sisteminin təşkil edilməsi müharibədə həyati önəm daşıyır.”
Bunu Bayarqdar.info-ya açıqlamasında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
“Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə vəzifələri yerinə yetiriblər. Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər, həmçinin vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra olunub”, – deyən Yücel Karauz bildirib ki, rabitə qoşunlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili çox önəmlidir. Eyni zamanda Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyğunluğunun təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, birgə təlimlər çərçivəsində iki ölkənin müdafiə nazirlərinin nümayiş etdirdikləri birlik və həmrəylik Türkiyə-Azərbaycan qardaşlığının sonsuza qədər davam edəcəyini növbəti dəfə təsdiqləyib: “Bildiyiniz kimi aprelin 7-də təlimin idarəetmə məntəqəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birbaşa videobağlantısı oldu. Hər iki ölkənin müdafiə nazirləri təlim iştirakçılarına müraciət edərək uğurlar arzuladılar. Eyni zamanda, müdafiə nazirləri Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyğunluğunun təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi və digər fəaliyyətləri dəyərləndirdilər”.
General birgə təlimin dostluq və qardaşlığa əsaslanan hərbi əməkdaşlığın yüksək səviyyəyə çatması baxımından da istər regiona, istərsə də dünyaya bir mesaj olduğunu deyib. Onun sözlərinə görə, bu, eyni zamanda birgə monitorinq mərkəzi ilə bağlı bundan sonra Türkiyə ilə Azərbaycanın kordinasiyalı fəaliyyətini təmin edəcək əhəmiyyətə malikdir.
“İbn Xəldun coğrafiya qədərdir deyib. Bu baxımdan sülhsevər ölkələr olan Azərbaycan və Türkiyə yerləşdikləri regionda, coğrafiyada sülhü təmin etmək üçün güclü orduya sahib olmalıdırlar. Əminəm ki, cənab prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğanın qətiyyətindən güc alan ordularımız hazırda tarixinin ən yüksək səviyyəsinə gələn Türkiyə-Azərbaycan qardaşlığının daimi olması üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcək. Ən nəhayət, bu gün Birgə Monitorinq Mərkəzində dalğalanan türk bayrağı Azərbaycanın dəmir yumruğunun bir daha hər kəsə xatırladılmasının bir örnəyi olacaq”, – deyə Türkiyəli general sonda əlavə edib.