Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov aprelin 9-da Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovu qəbul edib. Xəbəri Qırğızıstan Prezidentinin aparatı yayıb.
Prezident S.Caparov Azərbaycanla ölkəsi arasındakı münasibətlərdən məmnunluğunu dilə gətirib. Eyni zamanda əlavə potensialın olduğunu bildirib. O, əlaqələrin daha da intensivləşdirilməsində, eyni zamanda Bişkek-Bakı-Bişkek hava uçuşlarının bərpa edilməsində maraqlı olduqlarını deyib.
Qırğızıstan Prezidenti Azərbaycan tərəfinə iki layihənin gerçəkləşməsində verdiyi dəstəyə görə təşəkkür edib. Bunlar Qırğızıstan-Azərbaycan dostluq parkı və Bişkekdə H.Əliyev ad. orta məktəbdir.
Görüşdə Prezident İlham Əliyevin Qırğızıstana səfəri haqqında da danışılıb və S.Caparov sözügedən layihələrin Azərbaycan dövlət başçısının səfərinə kimi başa çatdırılacağına ümid etdiyini bildirib.
Səfir Hidayət Orucov da iki ölkə arasındakı münasibətlərdən məmnunluğunu dilə gətirib. O, eyni zamanda Prezident S.Caparova ölkəmizi ziyarət etməsi üçün Azərbaycan rəhbərliyinin dəvətini çatdırıb.