Bayraqdar.info – “Xoş gəlmisiniz. Sizinlə dəfələrlə görüşmüşdük, Bakıda siz dəfələrlə olmusunuz. Amma bu dəfə BMT Baş Assambleyasının prezidenti kimi səfər edirsiniz. Çox gözəl hadisədir. Şadam ki, Azərbaycana səfər edirsiniz. Bildirməliyəm, biz fəxr edirik ki, qardaş ölkənin nümayəndəsi BMT Baş Məclisinin prezidentidir. Bilirəm ki, COVID-ə baxmayaraq, 75-ci sessiya uğurla davam edir və burada sizin böyük səyləriniz vardır.”
Bu sözləri Prezident İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən deyib. Türkiyə və Qatarın ardından Azərbaycanda səfərdə olan V.Bozkır bu gün səhər ulu öndər Heydər Əliyevin məzarını, ardından da Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra onu Prezident İlham Əliyev qəbul edib.
“Bilirsiniz ki, biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu. Hesab edirəm, ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir. Çünki vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq. Eyni zamanda, COVID dönəmində biz 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik”, – deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti eyni zamanda işğaldan azad edilmiş torpaqlardakı durum haqqında da danışıb. O, Azərbaycanın UNESCO-nun faktaraşdırıcı missiyasını dəvət etdiyini, Ermənistanın işğalı altındakı torpaqlarda törətdiyi dağıntıları dünyaya göstərmək üçün çalışdığını da bildirib.
Azərbaycanın önəmini vurğulayan qonaq dövlətimizin BMT, Qoşulmama Hərəkatı kimi qurumlardakı fəaliyyəti haqqında təqdirini dilə gətirib.
“BMT Baş Assambleyasının bir türk sədri olaraq da Azərbaycana gəlmək mənim üçün xüsusi bir xoşbəxtlik və qürur mənbəyidir. Bəhs etdiyiniz bütün məsələləri həqiqətən Nyu-Yorkdan diqqətlə izləyirik”, – deyə V.Bozkır bildirib.