Bayraqdar.info – “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edib.”
Bu haqda xəbəri Prezidentin mətbuat xidməti yayıb. Xəbərdə deyilir ki, qəbul zamanı əsas danışıqlara keçməzdən öncə Prezident İlham Əliyev İƏT Baş katibini Azərbaycanla bu qurum arasında münasibətlərə verdiyi töhfəyə görə, “Dostluq” ordeni ilə təltif edib.
İlham Əliyev İƏT Baş katibinə Ermənistan-Azərbaycan münaqişəsinin həllində sərgilədiyi ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.
Daha sonra Ermənistanın insanlıq əleyhinə cinayətlərindən danışan Prezident, islam abidələrinin belə işğalçı ölkə tərəfindən dağıdılmasına diqqət çəkib. İlham Əliyev BMT Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq Azərbaycanın torpaqlarını azad etdiyini deyib. Azərbaycan Prezidenti qeyd edib ki, müharibə bitsə də Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etmir və bu da insan itkilərinə səbəb olur.
Yusif bin Əhməd əl-Osaymi qarşılıq olaraq Prezident İlham Əliyevi Azərbaycanın böyük qələbəsi münasibətilə təbrik edib: “Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız. Bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi. Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinli olmağınız öz bəhrəsini verdi və məsələ müsbət həll olundu”.
Baş katib həmçinin deyib ki, hər dəfə ölkəyə gələndə diqqət çəkən yeniliklərin şahidi olur.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi də daxil olmaqla müsəlman ölkələrinin nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində işğaldan azad edilmiş torpaqlara səfər edib, Ağdamın dağıdılmış məscidində birlikdə namaz qılıblar.