Press "Enter" to skip to content

İƏT ərazilərin bərpasında yaxından iştirak etmək niyyətindədir

Bayraqdar.info – “8 aprel 2021-ci il tarixində Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin ilə görüş keçirib. Görüşdə, həmçinin hazırda ölkəmizdə səfərdə olan İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri də iştirak ediblər.”

Bu haqda xəbəri XİN Mətbuat xidməti idarəsi yayıb. Xəbərdə deyilir ki, C.Bayramov Azərbaycanın İƏT ilə çoxyönlü münasibətlərdən məmnunluğunu ifadə edib.

Nazir vurğulayıb ki, “Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə” İƏT birmənalı dəstək verib, bununla bağlı çoxsaylı sənədlər qəbul edib.

Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan ərazilərini dağıtması da söhbətin mövzusu olub. C.Bayramov İƏT Təmas Qrupu üzvlərinin bunu şəxsən görmə imkanını da ayrıca təqdir edib.

Nazir mina məsələsindən danışıb və onların ciddi təhdid təşkil etdiyini bildirib.

İƏT Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycanı Qələbə münasibətilə təbrik edib, Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu vurğulayıb. Qonaq Azərbaycan Prezidentinin təmkinini ayrıca qeyd edib.

Baş katib dağıdılmış ərazilərin bərpa ediləcəyinə, orada normal həyatın geri dönəcəyinə inandığını da dilə gətirib.

O da qeyd edilib ki, dağıdılmış ərazilərin bərpa edilməsinə İƏT-in İslam İnkişaf Bankı və digər uyğun qurumları cəlb ediləcək.

“Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə Baş katib Yusif bin Əhməd əl-Osaymini təbrik edib. Görüşdə, həmçinin İƏT Təmas Qrupunun üzvləri ölkəyə səfərlərinin nəticələri və Qrupun gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər”, -deyə XİN-in yaydığı xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.