Press "Enter" to skip to content

Gürcüstan xalqı 9 aprel 1989 hadisələrini yad edir

Son yeniləmə: 9 Aprel 2021 13:25

Bayraqdar.info – Bu gün Gürcüstan xalqı 9 aprel 1989-cu ildə Sovet qoşunlarının Tiflisə təcavüzü nəticəsində həlak olmuş övladlarını yad edir. İndi Sovet İttifaqı yoxdur. Gürcüstan müstəqil dövlətdir. Lakin Sovetlərin ardından Rusiyaya olan münasibət hələ də dəyişmir, dəyişə bilmir. Bunun bir səbəbi uzaq 1989-cu ilin aprel hadisələridirsə, digər səbəbi də artıq Sovetlərin varisi kimi davranan Rusiyanın müstəqil Gürcüstan dövlətinin ərazi bütövlüyünə sayğısızlığı, təcavüzü davam etdirməsidir.

9 apreldə nə baş vermişdi?

Tarix: 18 mart 1989-cu ildə əhalisinin önəmli bir hissəsi ermənilərdən ibarət olan Abxaziya Muxtar Sovet Sosialist Respublikası Gürcüstan SSR-in tərkibindən çıxıb bərabərhüquqlu Sovet Respublikası olmaq haqqında qərar verdi. 30 min şəxsin toplaşdığı açıq hava toplantısında verilən qərar Gürcüstanda narazılıqla qarşılandı və xalq ayağa qalxıb Respublikanın ərazi bütövlüyünü qorumaq üçün çağırışlar etdi. Bunun ardınca aprelin ilk günlərində bir sıra bölgələrdə, o cümlədən paytaxt Tiflisdə nümayişlər başlandı. Moskvadakı mərkəzi rəhbərlik, konkret olaraq Sov.İKP Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov bu durumda çıxış yolunu Tiflisə silahlı qoşun yeridib dinc nümayişçiləri qanına qəltan etməkdə gördü. Nəticədə aprelin 8-dən 9-nan keçən gecə saat 4-də daxili qoşunlar və ordu qüvvələri Tiflisdəki nümayişçilərə hücum etdi. Bu da ona səbəb oldu ki, 21 nəfər dinc nümayişçi həlak oldu, 290 nəfər isə yaralandı. Sovetlərin bu davranışı Gürcüstanda milli azadlıq hərəkatının daha da alovlanmasına, Gürcüstan xalqının müstəqillik uğrunda daha da fəallaşmasına səbəb oldu. Lakin sonrakı proseslərdə Abxaziya və Güney Osetiya bölücülük proseslərini Rusiyanın köməyi ilə bir qədər də sürətləndirdi. Digər tərəfdə isə ermənilər Gürcüstan torpaqlarından bir parça qoparıb Ermənistana birləşdirmək üçün hərəkətə keçdilər. Yalnız yarım milyonluq Azərbaycanlı əhali gürcülərlə əl-ələ verərək Gürcüstanın torpaq bütünlüyünü qorumağa öz töhfəsini verdi. Sonrakı mərhələdə – 2008-ci ildə isə Rusiya artıq müstəqil dövlət olan Gürcüstana açıq təcavüz edərək Abxaziya və Güney Osetiyanı onun əlindən aldı. Bu ərazilərdə Moskvanın köməyi ilə qurulmuş qondarma rejimləri Rusiyanın özündən başq heç bir dünya dövləti tanımır və qəbul etmir. Azərbaycan da bu məsələdə daim qonşu Gürcüstanın yanında olub, hər cür bölücülüyə qarşı prinsipial mövqe sərgiləyib.

Lakin zaman göstərdi ki, Moskvanın 9 aprel 1989-cu il təcavüzü Gürcüstan xalqını ruhdan sala bilmədi. Xalq özünə gəldi, toparlandı və bu şər imperiyasından birdəfəlik qurtulmaq üçün müstəqil Gürcüstan dövlətini qurdu. Düzdür, ərazi bütövlüyü məsələsi hələ də açıq qalır. Lakin bir məsələ artıq dəqiqdir ki, Gürcüstan dünyanın tanıdığı, qəbul etdiyi və saydığı, ən önəmlisi isə Rusiyanın əlaltısı olmayan müstəqil dövlətdir.

Yeri gəlmişkən, bu gün həm də Gürcüstan Respublikasının müstəqillik günüdür. Məhz 9 aprel 1991-ci ildə Gürcüstan SSRİ-dən ayrılmaqla heç bir güc qarşısında geri durmayacaq iradəyə sahib olduğunu göstərdi.

Mission News Theme by Compete Themes.