Press "Enter" to skip to content

Dövlətdən şəhid ailələri və Qarabağ qazilərinə daha bir qayğı örnəyi

Son yeniləmə: 9 Aprel 2021 14:51

Bayraqdar.info – Şəhid ailələri və Qarabağ müharibəsi qazilərinə 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzilin təqdim edilməsi zamanı bildirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib.

S.Babayev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb. Xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Nazir son üç ildə də təqdim edilən mənzil və fərdi evlərin sayında ciddi artımı diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamının bu istiqamətdə mühüm irəliləyişlərə imkan yaratdığını diqqətə çatdıran S.Babayev Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini deyib. Qeyd edib ki, həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda (o cümlədən Vətən müharibəsində) şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq.

Nazir bildirib ki, 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməklə, bu il mənzil və fərdi evlə təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək.

O da qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Hazırda “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 230 mənzil verilib. Ümumilikdə isə indiyədək 9430 mənzil və fərdi ev verilib.

Nazir müharibə əlillərinin minik avtomobilləri ilə təminatı barədə də məlumat verib.

Mission News Theme by Compete Themes.