Bayraqdar.info – Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının ölkəmizdə səfərdə olan sədri Volkan Bozkırla görüşüb. Nazirlikdən verilən məlumata görə, Ceyhun Bayramov öncə BMT Baş Assambleyasının 75-ci sessiyasına uğurla sədrlik etməsi münasibətilə Volkan Bozkırı təbrik edib. Eyni zamanda, pandemiyaya rəğmən sədrliyin çox fəal şəkildə həyata keçirildiyi qeyd olunub və bu xüsusda Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə BA sədrliyinin dəstəyi məmnunluqla vurğulanıb.
Öz növbəsində BA sədri qismində ilk səfərlərini reallaşdırdığını bildirən Volkan Bozkır, bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu deyib. O, Azərbaycanın həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkə olduğunu ifadə edib. BA sədri Azərbaycam Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVID19 ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının son dərəcə önəmli toplantı olduğunu söyləyib.
Görüşdə bölgədə mövcud olan cari vəziyyət, işğal faktorunun aradan qaldırılması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı bildirilib. Həmçinin BA sədrinə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verilib.
Tərəflər, Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.