Son yeniləmə: 8 Aprel 2021 11:20
Bayraqdar.info – İstehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə dövlət standartı qəbul edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin verilən məlumatda deyilir.
“Statistika göstərir ki, hər il ölkəmizdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində onlarla insan əmək qabiliyyətini itirir, xəsarət alır və ya ölüm halları baş verir. Hər bir müəssisə, təşkilat sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsinə, işçilərinin əmək sağlamlığı, təhlükəsizliyi və onun fəaliyyəti nəticəsində digər şəxslərin sağlamlığına dəyən zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bununla belə, bəzi hallarda müəssisə və təşkilatlar tərəfindən əmək sağlamlığının və təhlükəsizliyinin idarə olunmasının düzgün təşkil edilməməsi səbəbindən istehsalatda bədbəxt hadisələr baş verir.
Bu sahədə sahibkarlara dəstək göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi” dövlət standartı qəbul edilərək Dövlət Fonduna daxil edilib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.
Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.