Press "Enter" to skip to content

Sərhəd yaxınlığında 55 kq-a yaxın narkotik vasitə tutuldu

Son yeniləmə: 8 Aprel 2021 12:35

Bayraqdar.info – Ölkəmizin cənub sərhəddi yaxınlığında külli miqdarda narkotik vasitə aşkar edilib. Bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətinin məlumat verib. Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 54 kiloqram 662 qram olan narkotik vasitələrə bənzər maddələrin və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Daha sonra deyilir: “Aprel ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib. Bağlamaya baxış zamanı çəkisi 47 kiloqram 850 qram narkotik vasitəyə (37600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram marixuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülmüşdür”.

DSX-nın açıqlamasında o da bildirilir ki, Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən “Horadiz” sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu qara rəngli “Hyundai IX-35” markalı 10-VS-789 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Əkin sahəsinə yaxınlaşaraq oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb. Neftçala rayon sakini 1989-cu il təvəllüdlü Dadaşov İxtiyar Loğman oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 6 kiloqram 812 qram narkotik vasitəyə (4774 qram tiryək, 1018 qram heroin və 1020 qram marixuana) bənzər maddələr aşkar olunaraq götürülüb.

“Hadisə yerində olan avtomobildəki digər şəxslərin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Mahmudov Həsən Fərasət oğlu və Sabirabad rayon sakini 1982-ci il təvəllüdlü Abbasova Sevda Eyvaz qızı olmaları müəyyən edilmiş, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildirmişlər”, – deyə məlumatda bildirilir.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mission News Theme by Compete Themes.