Press "Enter" to skip to content

Rusiya “İskəndər”inin Şuşada görünən buynuzu

Son yeniləmə: 7 Aprel 2021 23:05

Rəvayətlərimizdən birində deyilir ki, keçmişlərdə İsgəndər adlı bir padşah varmış. Bu padşahın başında buynuzu olduğu üçün hər dəfə başını qırxdırdıqdan sonra bərbəri öldürtdürürmüş. Beləliklə şəhərdə bərbər qalmır. Axırda kənddən bir çoban bərbər tapırlar. Bərbər işini görüb qurtarandan sonra padşaha yalvarır ki, “bir anam var, məni öldürmə. Heç kimə bu sirr barədə demərəm”. Rəvayətdə deyilir ki, bərbər beş həftə bu sirri içəri verib udsa da, fikir onu sapsarı saraldır, günü-gündən əriyib çöpə dönür. Axırda bərbər gedib meşədə yumşaq bir yerdə torpağı eşib çuxur qazır və ağzını çuxura tutub üç dəfə yavaşcadan deyir: “İskəndərin buynuzu var, buynuzu”. Sonra çalanı yenə torpaqla doldurur. Aradan bir neçə ay keçir, həmin çaladan çoxlu qarğı çıxır. Vaxt olur ki, bir çoban gəlib burdan keçəndə həmin çalada bitən qarğılardan kəsib tütək düzəldir və başalyır çalmağa. Lakın hansı havanı çalırsa, tütəkdən ancaq bir səs gəlir: “İsgəndərin buynuzu var, buynuzu”.

Bu rəvayəti təsadüfən xatırlamadım. Daha doğrusu ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi mina təmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan, böyük dağıdıcı gücə malik “İskəndər-M” raketinin qalıqlarının tapılmasından sonra cərəyan edən proseslər bir anlıq yaddaşlara həmin rəvayəti gətirdi. Sual oluna bilər ki, o İsgəndərlə bu İskəndərin nə əlaqəsi? Əslində, bu sualın səsləndirilməsi də haqlı sayıla bilər. O mənada ki, o İsgəndərlə bu İskəndərin bir-birilə birbaşa əlaqəsi yoxdur. Amma bir mənada da əlaqəsi var. Söhbət hər iki halda “İsgəndər”in sirrinin faş olunmasından gedir.

Birinci halda sirrin necə faş olması bəllidir. İkinci hala gəlincə, raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili zamanı müəyyən edilib ki, bu Operativ-Taktiki Raket Kompleksi “İskəndər-M”in qalıqlarıdır. Qeyd edilməlidir ki, atılan raket tam partlamadığı üçün onun müəyyən hissələri böyük əraziyə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli aralı məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Elə buradaca xoruzun quyruğu, daha doğrusu Rusiyanın “İskəndər”inin buynuzu ortaya çıxıb. Məsələ burasındadır ki, Rusiya and-aman edir ki, Ermənistana “İskəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İskəndər-E” raket kompleksi verib. Lakin bununla müqayisədə Şuşada qalıqları tapılan “İskəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir.

Beləliklə, Rusiya tərəfinin and-aman etməsinə baxmayaraq hər şey gün kimi aydındır və bütün çılpaqlığı ilə ortadadır. Və bu aydınlıq cəmiyyətimizdə haqlı olaraq suallar doğurub: “Bu günə kimi təkcə Rusiya silahlı qüvvələrinin istifadəsində olduğu iddia edilən (OTRK-nın bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur – N.G.) “İskəndər-M”in qalıqları Şuşada necə peyda olub?

Şuşaya bu raketin işğalçı Ermənistan tərəfindən atıldığı heç bir şübhə doğurmadığı və Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun o vaxt Qarabağda “İsgəndər” raketlərinin tətbiq olunmasını qəti inkar etdiyi üçün o zaman gözlər yenidən şimal qonşumuza dikilir. Yəni, əgər Rusiya tərəfi həqiqətən rəsmi şəkildə işğalçı Ermənistana “İsgəndər-M” raketini verməyibsə, o zaman bu raketlər Qarabağa hardan atılıb? Digər tərəfdən, bu kompleks kiçik kibrit qutusu deyil ki, kimsə cibində gətirmiş olsun. Hə, bu məqamda müharibə zamanı Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməni əsilli Rusiya vətəndaşlarının iştirakı ilə bağlı fikirlər də səsləndirildiyini xatırlamaq yerinə düşər. Lakin bu hal belə rəsmi Kremli sakit dayanmağa, yaxud hansısa araşdırma aparmamaq barədə düşünməyə sövq edə bilməz.

Birincisi ona görə ki, yuxarıda da vurğulandığı kimi OTRK-nın bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur. Belə olan təqdirdə kompleksin işğalçı Ermənistanın əlinə necə keçməsini aydınlaşdırmaq Rusiya tərəfinin də marağında olmalıdır. Təbii ki, Rusiya bununla bağlı indiyə qədər verdiyi təkzib açıqlamalarında səmimidirsə.

İkincisi, əgər iddialar doğrudursa və erməni əsilli Rusiya vətəndaşları ölkənin silah kompleksinin dərinliklərinə bu qədər rahatlıqla girə, “İskəndər-M” kimi silahı hansısa bir formada ələ keçirə bilirlərsə, o zaman yenə də ən çox qayğılanan Kremldəkilər olmalıdır. Axı kim təminat verə bilər ki, bu gün “İskəndər-M”i Rusiyadan asan şəkildə “alaraq” Ermənistana aparanlar, sabah da o silahı ölkənin düşmənlərinə, yaxud da deyək, daxildəki dini separatçılara, terrorçulara satmayacaqlar? Hər halda Rusiyanın siyasi və hərbi rəhbərliyi “Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar etmək”də səmimdirsə, o zaman vaxt itirmədən təhqiqata başlamalıdr. Əks halda Kreml Rusiyanın “İskəndər”inin Şuşada görünən buynuzuna dair daha çox suallara tuş gələcək.

Mission News Theme by Compete Themes.