Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində səfərdə olan NATO Hərbi Komitəsinin sədri Stüart Piçlə görüşüb.
Bu haqda xəbər Ukrayna Prezidentinin Ofisindən daxil olub.
Görüş zamanı Volodimir Zelenski NATO-nun dəstəyindən dolayı təşəkkürünü bildirib.
“Biz NATO-nun Ukraynadakı duruma – Şərqə və Krıma ciddi maraq göstərməsinə görə minnətdarıq. Tərəfdaşlarımıza suverenliyimizə və ərazi bütövlüyümüzə davamlı dəstək verdikləri üçün minnətdarıq. Təəssüflər olsun ki, indi Ukraynanın Şərqində – Donbasda çətinliklərlə üz-üzəyik. Biz həqiqətən də atəş səslərinin çoxalmasını görürük”, – deyə V.Zelenski bildirib.
Ukrayna Prezidenti bildirib ki, ötən il iyulun 27-dən başlayaraq vəziyyəti normallaşdırmaq üçün addımlar atılıb və nəticə əldə edilib. Lakin 2020-ci ilin dekabrından durum dəyişib. Həmin vaxtdan bu günə qədər Ukraynanın 20-dən artıq hərbi qulluqçuusu öldürülüb.
Desinformasiya problemlərindən danışan V.Zelenski atəşkəs rejiminə əməl edilməsinə çağırdıqlarını da sözlərinə əlavə edib.