Son yeniləmə: 7 Aprel 2021 08:29
“Molla Nəsrəddin” 1906-cı il aprelin 7-də ilk sayı çıxmış türk dilində satirik jurnal idi. Yəni bu gün – 7 aprel 2021-ci ildə onun düz 115 yaşı tamam olur. Dövrünün dəyərli ziyalısı Ömər Faiq Nemanzadənin qurucusu olduğu bu acı-şirin, turşməzə jurnala yenə də ölməz ədib-ziyalı Cəlil Məmmədquluzadə, başqa bir deyimlə Mirzə Cəlil redaktorluq edib.
Araşdırmaçılar deyir ki, jurnal 1906-1918-ci illərdə Tiflisdə dərc edilirmiş. Sonra bir az ara verib, ardından da 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Deyirlər ki, bu jurnalın 25 illik fəaliyyəti dövründə 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü də Bakıda olmaqla cəmi-cümlətanı 748 nömrəsi çıxıb.
Hə, nə edirdi bu “Molla Nəsrəddin”?
Bu Molla ki, var, nələr etmirdi daha? Almışdı əlinə qılıncı, çapırdı sağa-sola. Ana dili məsələsindən tutmuş rüşvətə, zinaya qədər nələri gülüş – əslində kədər hədəfi eləməmişdi bu Mirzə Cəlil?
Yazıq Mirzə inanırdı ki, bəzən gülərək, bəzən güldürərək, bəzən də ağladaraq milləti uyğudan oyadıb doğru yola çəkə biləcək. Amma ki, heyhat, aradan bu qədər zaman axıb gedib, elə onun qoyub getdiyi millətik ki, varıq.
Heç uzağa getməyək. Lap yuxarıdakı şəklə baxırsınızmı? “Molla Nəsrəddin”dəndir. Nə deyir orda? Gəlin mən yazım, siz də oxuyun. Görün indi çoxmu dəyişmişik? Şəklin altında yazılanları oxumazdan öncə deyim ki, orada bir “obrazovanski” müsəlman qadını “cahil” biri ilə mükalimə etməyi özünə ar bilir…
“- Xanım, ağa evdədir?
Xanım – Что ты говоришь?
– Xanım, soruşuram görüm ağa evdədir, ya yox?
Xanım – Я тебя не понимаю.
– Köpək qızı mənə bir cavab da verməyir ki, görüm ağa evdə deyilsə gedib sonra gəlim.
– İtil cəhənnəm ol axmağın ağzının biri, danışığına bax!”
İndi, ay Mirzə, sən Məhəmməd Həsən əminin goru, xortda o qəbirdən, çıx gəl, gör çoxmu irəli getmişik? Vallah, billah, elə necə qoyub getmisənsə eləcənə də oturmuşuq oturduğumuz yerdə.
Bax, ay Mirzə, urus dili məsələsinə heç toxunmamışıq. Yəni necə qoyub getmişdinsə, biz də oturub elə yetim-yesirə urus dilində “ne ponimayu” deyib başımızdan eləyirik. Elə sənin o “obrazovanski” xanımın kimi yəni.
Hə, sənə yaxşı xəbərlərim çoxdur ha. Bax, sən deyirdin ki, millət falçı yanına gedir, getməsin. Bizdə də elədir. Adamlarımız falçı qapısında basabas salırlar. Biz də sənin kimi deyirik ki, ay müsəlmanlar, getməyin falçıya. Kimdir bizi saya salan? Necə ki, səni dinləmirdilər, eləcə də bizi heç kim dinləmir.
Biz də sənin kimi insanlarımıza deyirik ki, ana dilimizdən bərk yapışaq. Yenə də necə ki, səni vecinə alan yox idi, elə bizi də vecinə alan yoxdur.
Ay Mirzə, düz 30 ildir ki, urusun zülmündən qurtulub allah qoymasa müstəqil olmuşuq. Amma gəl gör dilimiz də müstəqildirmi? Bakının tən ortası cəhənnəm, hətta künc-bucağında belə o qədər adam var ki, urus dilini düz-əməlli bilməsə belə bir müsəlman söz soruşanda dönüb urusca cavab verər.
Yaxud da müstəqilliyimiz bu qədər uzunkən adi bir soyad sonluğu məsələsini həll etməyə ərinirik. Yəni deyirəm ki, rahat yat orda, necə qoyub getmişdinsə elə də qalmışıq.
Hə, Mirzə, birdən xortdayıb eləyərsən a. Amandır, eləmə. Sən xortdamasan da sənin xortdamışın kimi bir şeyik də bizlər də. Əyri gördüyümüzü dilə gətiririk? Gətiririk. Millətin maariflənməsi üçün çalışırıq? Çalışırıq. Cahil mollalardan uzaq duraq deyirik? Deyirik. Falçıdan, rəmmaldan uzaq qaçaq deyirik? Deyirik. Urus dilində danışıb “obrazovanski” göründüyünü sananları adam eləməyə çalışırıq? Çalışırıq. Daha nə istəyirsən? Niyə xortdayırsan axı? Yat da özünçün rahat-rahat.
Eh, Mirzə. Nəsə uzun danışdım deyəsən. Gəl söhbəti burda bağlayaq. Onsuz da bizdən adam olmayıb, olan da deyil. Həm də yatmışıq da özümüzçün. Sən də, zalım oğlu, 100 il öncə diriykən də bu millətə rahatlıq vermirdin, indi də bu qədər müddət sonra o dünyadasan, amma yenə də qoymursan yatdığımız yerdə yatıb qalaq. A kişi, əl çək də yaxamızdan! Pay atonnan! Ə, bu adam niyə zəli olub yapışıb millətin yaxasından? Əl çək, a kişi, əl çək! Sən orda yat, biz də burda da.