Bayraqdar.info – “Son həftələr ərzində biz Rusiya işğal qüvvələri tərəfindən atəşkəs rejimini pozmağa yönəlik çox təhlükəli tendensiyanı müşahidə edirik və nəticədə bir neçə Ukraynalı müdafiəçi öldürülüb.”
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 6-da NATO-nun Baş katibi Yens Stoltenbegrlə telefon söhbətində deyib.
Donbas ətrafında vəziyyətin gərginləşməsinə həsr edilmiş söhbətdə Rusiyanın Ukrayna sərhədinə qoşun yığmasından narahatlıq da ifadə edilib.
Ukrayna Prezidenti NATO-nun ölkəsilə bağlı həssaslığına görə təşəkkürünü bildirməklə yanaşı Qara dəniz akvatoriyasında təhlükəsizlik məsələlərinə də daha artıq diqqət yetirilməsi vacibliyini bildirib.
V.Zelenski özəl olaraq ölkəsinin NATO-ya mümkün üzvlük məsələsi ilə bağlı fəaliyyət planının vacibliyini bildirib.
“Biz ordumuzu və müdafiə sektorumuzu islah etmək istəyində qərarlıyıq. Lakin yalnız islahatlarla Rusiyanın qarşısını ala bilmərik. NATO Donbasda savaşı bitirməyin tək yoludur. Ukraynanın NATO üvlüyü ilə bağlı fəaliyyət planı Rusiya üçün gerçək bir siqnal olardı”, – deyə Ukrayna Prezidenti bildirib.
Əlavə edək ki, Ukrayna Prezidenti aprelin 6-da Kanadanın Baş naziri Castin Trüdo ilə də zəngləşib. O, davamlı dəstək üçün Kanadaya təşəkkürünü bildirib. Eyni zamanda NATO-ya üzvlük yolunda Kanadanın dəstəyinə ümid etdiyini deyib.
V.Zelenski C.Trüdonu bu il avqustun 23-də Kiyevdə keçiriləcək “Krım zirvəsi”nə də dəvət edib.