Press "Enter" to skip to content

Rus sülhməramlıları Qarabağı “qədim Ermənistan” kimi qələmə verdi

Bayraqdar.info – Ötən il noyabrın 10-dan etibarən Ermənistanın işğalından azad edilmiş Qarabağ torpaqlarında yerləşdirilmiş Rusiya sülhməramlıları tərəflərə münasibətdə tərəfsiz olmalıykən hər fürsətdə Azərbaycanın etimadına xəyanət etməkdən çəkinmirlər. Onların ermənilərə münasibətdə bir sülhməramlıya rəva bilinməyəcək qədər irəli getdiyi halları az müşahidə etməmişik. Rusların hətta bölücülərin uzun illərdir “bayraq” deyib başlarının üzərinə qaldırdıqları əski parçasının altında oturub “danışıqlar” aparmasını əks etdirən şəkillər paylaşdığını da az görməmişik. Hələ biz, şəhər və kəndlərimizin adlarını ermənilər kimi elan etdiklərini demirik. Bu isə bir daha göstərir ki, Rusiya dövlətinə sonadək güvənmək olmaz. Üzdə dost görünən bu dövlət əlinə düşən hər fürsətdə bizə arxadan zərbə vurub, vurmağa da davam edəcək.

İndi də diqqətimizi nə çəkdi, bilirsinizmi? Rusiya sülhməramlıları Xocavənd rayonu ərazisində yerləşən Amaras monastırına ermənilərin ziyarətini təşkil edib. Pasxa bayramı münasibətilə təşkil edilən ziyarətdə 300-ə qədər erməni iştirak edib. Ruslar bu haqda xəbəri aprelin 5-də Telegram kanalı üzərindən yayıblar. Olsun. Biz tolerantıq, belə şeylərə dözümlü yanaşırıq. Həm də o ermənilər bizim vətəndaşlarımızdır və günün birində gəlib Bakıda da kilsələri ziyarət edəcəklər. Lakin diqqətimizi çəkən odur ki, ruslar yaydıqları xəbərdə bu ərazini orta yüzillər Ermənistan ərazisi kimi təqdim edir.

Görün, nə yazırlar: “Амарас является одним из раннесредневековых христианских монастырей и расположен на территории Мартунинского района. В средневековой Армении имел статус известного религиозного и культурного центра”. (Amaras erkən orta yüzil xristian monastırlarından biri olmaqla Martuni rayonunun ərazisində yerləşir. Orta yüzil Ermənistanında məşhur dini və mədəni mərkəz statusuna sahib olub.)

Bu xəbər eyni şəkildə Rusiya Müdafiə Nazirliyinin saytında da verilib. Özü də burada yalnız rusca deyil, ingilis dilində də Azərbaycan torpağı “orta yüzil Ermənistan torpağı” kimi təqdim edilir: “Amaras is one of the early medieval Christian monasteries and is located in the Martuni region. In medieval Armenia, it had the status of a famous religious and cultural centre”. Yuxarıda rusca verdiyimiz mətnin ingiliscəyə tərcüməsidir. Adamlar yenə də bizim torpağımızı açıq şəkildə “orta yüzil Ermənistanı”na aid ediblər…

Saytın fransızca və ispanca tərcümələrində də torpağımız eyni qaydada “orta yüzil Ermənistanı” kimi təqdim edilir…

Göründüyü kimi, bu adamlar evimizin içində oturub bizə tarix “dərsi” keçirlər. Erməni ağzıyla danışan bu “sülhməramlılara” yəqin ki, dövlətimizin gerçək tarix dərsi keçməsi lazımdır. Necə ki, buna qədər buraxdıqları səhvləri düzəltməli olublar, bunu da düzəldərlər və bir daha yanlışa yol verməzlər.

Yeri gəlmişkən, bu sülhməramlılar ilk günlərdən yer adlarını ermənicə yazıb ifadə edirlər. Bir müddət öncə Xankəndini “Stepanakert” kimi yazırdılar. Tvitter-də etiraz etdik. Guya düzəliş etdilər. Stepanakert/Xankəndi yazmağa başladılar. Sonra da nə oldusa ya bizi Tvitter-də blokladılar, ya da ümumiyyətlə hesabı qapatdılar ki, əməllərini görə bilməyək. Telegram-da da müzakirə imkanını qapalı tuturlar. Lakin Xankəndi və digər yerlərin adını birmənalı ermənilər kimi yazırlar. İndi onların durub Qarabağı “qədim Ermənistan” kimi təqdim eləməsi də təəccüblü olmasın gərək…

Amma biz də bu yanaşmanı sakit müşahidə etməməliyik. Həm dövlətimiz, həm də cəmiyyətimiz buna reaksiya verməli, rus sülhməramlılarına harada – hansı dövlətin və hansı xalqın torpağında olduqlarını xatırlatmalıdır. Biz xatırlatmadıqca onlar da fürsətdən istifadə edib bəzən xırda görünən belə təxribatlarını davam etdirəcəklər. Susmayaq. Dövlətimizin yetkililərini görəvə dəvət edirik. Əminik ki, ruslar bu yanlışlarını da quzu-quzu düzəltməli olacaqlar.

Qeyd: Rusiya Müdafiə Nazirliyinin saytındakı sözügedən səhifələrə keçidi bilərəkdən qoymadıq. Çünki sayt özünü şübhəli aparır. Keçidə tıqladıqda ümumiyyətlə açılmır. Yaxud da saytın özünə ümumiyyətlə daxil olmaq bəzən əngəllənir…

Mission News Theme by Compete Themes.