Bayraqdar.info – Ankara Böyükşəhər Bələdiyyəsinə (ABB) bağlı olan Ankara Su və Kanalizasiya İdarəsi (ASKİ) işçiləri Çin səfirliyinin qarşısında qazıntı işlərinə başlayıb. ASKİ direktor müavini Cüneyt Öztürk, Twitter hesabından məsələ ilə bağlı etdiyi paylaşımda qazıntının aparılması səbəbinə aydınlıq gətirib.
Paylaşımda “Su qaynaqlarımızın sürətlə azaldığı bir dönəmdə, Ankaralının hesabını ödədiyi, lakin qanunsuz yolla istifadə edilən suları müəyyən etmək məqsədilə Çin səfirliyinin önündə başlatdığımız işlərlə bağlı verdiyimiz rahatsızlığı anlayışla qarşılayan hər kəsə təşəkkür edirik” sözləri öz əksini tapıb.
Su kaynaklarımızın hızla azaldığı bir dönemde, Ankaralının bedelini ödediği kayıp kaçakları tespit etmek maksadıyla Çin Büyükelçiliği önünde başlattığımız çalışmadan dolayı verdiğimiz rahatsızlığı anlayışla karşılayan herkese teşekkür ederiz. pic.twitter.com/e0ptleSpU4
— Cüneyt Öztürk (@CuneytOzturk06) April 7, 2021
Onu da qeyd edək ki, bu qazıntı işləri Türkiyə mətbuatı tərəfindən heç də sıradan bir iş kimi qəbul edilməyib. Türkiyə mediası bunu ABB başqanı Mansur Yavaşın Çin səfirliyinə cavabı kimi dəyərləndirib.
Məlumat üçün bildirək ki, İYİ Partiya başqanı, millət vəkili Meral Akşenerin və ABB başqanı Mansur Yavaşın aprelin 5-də Kaşqar vilayətinin Barın qəsəbəsində törədilən qətliamın 31-ci ildönümü ilə bağlı paylaşım etməsi Ankaradakı Çin səfirliyi tərəfindən “özünəməxsus” şəkildə cavablandırılmışdı. Belə ki, Çin Xalq Respublikasının Ankaradakı səfirliyinin Twitter hesabından edilən Meral Akşener və Mansur Yavaşın Twitter hesablarının da etiketləndiyi paylaşımda bu sözlər yazılıb: “Çin tərəfi, hər hansı bir şəxs və ya gücün, Çinin suverenliyinə və ərazi bütövlüyünə hansısa bir şəkildə meydan oxumasına kəskin şəkildə qarşı çıxmaqda və bunu şiddətlə qınamaqdadır. Çin tərəfi, haqlı cavab vermək haqqını özündə saxlayır”.
Bu paylaşımından sonra aprelin 6-da Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan səfir Liu Şaobinə səfirliyin Twitter hesabından edilən paylaşımlardaki ifadələrlə bağlı duyulan narazılıq çatdırılıb.