Press "Enter" to skip to content

Ceyhun Bayramovun Erkan Özoralla uğurlama görüşü

Son yeniləmə: 7 Aprel 2021 17:39

Bayraqdar.info – Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərdə o cümlədən səfirlərin üzərinə böyük məsuliyyət qoyur. Bu fikirlər bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edərkən səsləndirilib.

Nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan ən yüksək səviyyəli münasibətlərin inkişafında səfir qismində Erkan Özoralın rolunu məmnunluqla qeyd edərək bu xüsusda verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Ceyhun Bayramov, həmçinin Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özoralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Erkan Özoral Azərbaycanı Türkiyədən ayırmadığını və bunun hər zaman belə olacağını bildirib. O, Azərbaycan üçün çox önəmli bir dövrdə səfir qismində çalışmaqdan qürur hissi keçirdiyini söyləyib və diplomatik fəaliyyəti müddətində ona göstərilən yüksək diqqət və əməkdaşlığa görə təşəkkürünü ifadə edib. İki ölkə arasında səfərlər üçün viza tələbinin aradan qaldırılmasını və vətəndaşlarımızın artıq şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklərini məmnunluqla vurğulayan səfir, bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.

Mission News Theme by Compete Themes.