Bayraqdar.info – Astana mərkəzli Beynəlxalq Türk Akademiyasından verilən xəbərə görə, Macarıstan və Qazaxıstanın xarici işlər nazirləri bu qurumu ziyarət ediblər.
Xəbərdə deyilir:
“Macarıstanın Xarici Ticarət və Xarici İşlər naziri Peter Siyarto və Qazaxıstan Baş nazirinin müavini – Xarici İşlər naziri Muxtar Tleuberdi Beynəlxalq Türk Akademiyasını ziyarət ediblər. Peter Siyartonun başçılıq etdiyi Macarıstan nümayəndə heyəti öncə Akademiya nəzdindəki Türk Muzeyini və Türk Kitabxanasını gəzib, məşhur macar türkoloq Konqur Mandokinin qiymətli əlyazmaları ilə tanış olub. Həmçinin, tanınmış macar səyyahı Armin Vamberi şərəfinə təşkil olunan “Türk dünyasının macar alimi” adlı sərgiyə baxış keçirilib.
Akademiya prezidenti Darxan Kıdırəli 70 mindən artıq qiymətli əsərin toplandığı kitabxananın əhəmiyyətli bir hissəsinin məhz K.Mandokinin zəngin şəxsi kitabxanasının nadir nümunələrindən təşkil olunduğunu bildirib. O, təşkilatın layihələri haqqında qonaqlara geniş məlumat verib, Macarıstanın Türk Akademiyasının müşahidəçi üzvü kimi aktivliyindən razılıq ifadə edib.
Macarıstanın Xarici Ticarət və Xarici İşlər naziri Peter Siyarto öz növbəsində, qardaş ölkələrin ortaq dəyərlərinin öyrənilməsi, xalqların daha da yaxınlaşması istiqamətində görülən işlərə görə Akademiyaya təşəkkür edib və Türk Kitabxanasına macar dilində dəyərli əsərlər bağışlayıb. Nazir türkdilli dövlətlərdən olan tələbələrin Macarıstanda təhsil və tədqiqatlara maraq göstərməsinin çox sevindirici olduğunu, bununla bağlı Macarıstan hökumətinin təqdim etdiyi təqaüd proqramlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı tərəflər elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.
Sonra Beynəlxalq Türk Akademiyasının Macarıstanla bağlı hazırladığı bir sıra əsərlərin, o cümlədən əfsanəvi Hun hökmdarı Attila haqqında “Avropanın Kralı Attila” adlı əsərin təqdimatı olub. Akademiyanın dəstəyi ilə ingilis dilində nəşr olunan kitabın müəllifi tanınmış alim, Macarıstanın Monqolustandakı səfiri Borbala Obruşanskidir.
Tədbir çərçivəsində həmçinin tanınmış qazax şairi Cambıl Cabayevin macar dilində ilk şeirlər toplusunun, Armin Vamberiyə həsr olunan “Türk dünyasının macar alimi” kitabçasının, İştvan Konqur Mandokinin “Sındırılmaz köklər” və “İştvan Konqur Mandokinin biblioqrafiyası” kitablarının təqdimatı olub.
Görüşün sonunda Akademiyanın fəaliyyətinə dəstəyinə görə Peter Siyartoya Akademiyanın qızıl medalı təqdim olunub.
Xatırladaq ki, 2017-ci ildə Macarıstan Türk dünyası əməkdaşlıq qurumları arasında ilk olaraq Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv qəbul olunub. Akademiya tərəfindən Macarıstan və Türk dünyasına inteqrasiyasına yönəlmiş bir sıra layihələr həyata keçirilib”.