Son yeniləmə: 7 Aprel 2021 20:00
Bayraqdar.info – Türk Keneşindən verilən xəbərə görə, qurumun təmsilçiləri Azərbaycan və Özbəkistan nəqliyyat və gömrük idarələri, həmçinin Türkiyə Uluslararası Nəqliyyatçılar Dərnəyi təmsilçiləri ilə birlikdə aprelin 5-7-də Bakıda TransXəzər Nəqliyyat Dəhlizi ilə nəqletmənin asanlaşdırılması ilə bağlı müzakirələr aparıblar.
Baş katibin müavinləri Qismət Gözəlov və Mirvahid Əzimovun başçılıq etdiyi heyət Ələtdəki Dəniz Ticarət Limanında da olub.
Üçtərəfli görüşlərdə Xəzər dənizi üzərindən daşımaların asanlaşdırılması yolları müzakirə edilib.
Türk Keneşi təmsilçiləri bu müzakirələrdə dövlət başçılarının 31 mart 2021-də keçirilmiş qeyri-rəsmi Zirvəsində daşımaçılığın asanlaşdırılması üçün səsləndirdiyi fikirlərə də diqqət çəkiblər. Əsas məqsədin Xəzər dəhlizi üzərindən Avropaya və əksinə daşımaçılığın mümkün qədər asanlaşdırılması olduğu bildirilib.
Türk Keneşi təmsilçiləri qurumun ümumiyyətlə mümkün vasitələrlə nəqliyyat dəhlizlərinin asanlaşdırılması rejimləri haqqında fikirlərini təqdim ediblər.
O da qeyd edilib ki, daşımaçılığı daha əlçatan və asan etmək üçün qiymət siyasəti də diqqətdən qaçmamalıdır.
Azərbaycan və Özbəkistan dövlət təmsilçiləri də görülən işlər, eyni zamanda atılacaq addımlar haqqında fikirlərini bildiriblər.