Press "Enter" to skip to content

İraq Parlamentinin nümayəndə heyəti ASAN xidmətdə olub

Son yeniləmə: 6 Aprel 2021 18:34

Bayraqdar.info – Ölkəmizdə səfərdə olan İraq Parlamentinin nümayəndə heyəti bır sıra görüşlər keçirir. Bu gün isə qonaqlar ASAN xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara ASAN xidmətin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, səffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ASAN xidmətin yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən görüşdə bildirilib ki, bu günədək 42 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, xidmət Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ASAN xidmətə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda nümayəndə heyətinə bir ABAD-çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Mission News Theme by Compete Themes.