Son yeniləmə: 6 Aprel 2021 18:54
Bayraqdar.info – “Törətdikləri qanunsuz əməllərlə dövlətin nüfuzuna və korrupsiyaya qarşı mübarizə sahəsində görülən kompleks tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir”.
Baş Prokurorluğun yaydığı növbəti açıqlamada belə deyilir. Açıqlamada bildirilir ki, Quliyev Ziyad Tofiq oğlunun özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək vəzifəli şəxsdən pul tələb etməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Məlum olub ki, Ziyad Quliyev özünü dövlət orqanında şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim edərək Bakı şəhəri ərazisində yerləşən xəstəxanaların birinin baş həkimindən guya həmin tibb müəssisəsinin işçilərinin qanunazidd əməllərindən edilmiş şikayətlərin ictimailəşdirilməməsi adı ilə 7 min manat tələb edib və həmin pul vəsaitinin 2 min manatını almasına dair əsaslı şübhələr müəyyən olunub.
05 aprel 2021-ci il tarixdə Ziyad Quliyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, sonuncu həmin xəstəxananın baş həkimindən tələb etdiyi pul vəsaitinin qalan 5 min manatını rüşvət kimi alan zaman cinayət başında yaxalanıb.
Qeyd edilən faktlar üzrə AR CM-nin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi başladılıb, Ziyad Quliyevə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, xəbərdə Ziyad Quliyevin özünü hansı dövlət orqanının əməkdaşı kimi təqdim etməsi açıqlanmayıb.