Press "Enter" to skip to content

Həm cəbhədəki, həm də parta arxasındakı şagirlərimizlə qürur duyduq

Qələbə sözünü dilinin əzbəri etmiş qəhrəman, qürurlu bir xalqın nümayəndəsi, vətəninə, millətinə heyranlıq duyaraq hər bir tərpənişində onları vəsf edən gənc nəslin müəllimi olaraq yazıram bu məqaləni. Şagirdlərinin vətənpərvər ruhda böyüməsi, onların layiqli vətəndaş olması üçün əlindən gələni əsirgəməyən, hər bir kəlməsində, hər bir cümləsində Vətən, Azərbaycan sözlərini dilindən düşürməyən bir müəllim!

Nuray müəllimi Səbinə xanımla

Uğurları ilə bizi sevindirən şagirdlərimiz hər dövrdə olub. Son zamanlar həyatımıza qalibiyyətləri ilə bir başqa dad, bir başqa zövq qatan şagirdlərimiz də az olmadı. Bu, həm səngərdə əlinə silah alıb düşmənə qan udduran – qələbəni bizə daddıran, həm də arxa cəbhədə qələmini süngü edərək yazdığı inşalarla, referatlarla könülləri fəth edib qələbə qazanan şagirdlərimə aiddir.

Haqqında söhbət açacağım qalib şagirdim 13 yaşlı Nuray Namazlıdır. Həm sinif rəhbəri, həm də dil-ədəbiyyat müəllimi kimi deyə bilərəm ki, Nuray hər zaman sakit təbiəti, təmkinli davranışı ilə seçilir yaşıdlarından. Tələsmədən, düşünərək verdiyi dolğun cavabları ilə nəinki müəllimlərinin, hər kəsin diqqətini cəlb edə bilir. Mövzu Vətən olduqda isə çox həssas və kövrəkliklə ifadə edir hisslərini. Hərdən düşünürəm, bu balaca cüssəli qızın necə böyük sevgisi varmış Vətənə.

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilmiş “Müdrik siyasət, Qarabağ zəfəri” adlı referat yazı müsabiqəsi ilə bağlı məktəbimizə təklif gəldikdə tarix müəllimi Kəmalə Həsənova bu inşanı təkidlə Nurayın yazmağını istədi. Təklifi qəbul edən sevimli şagirdimiz öz növbəsində ürəyini bu inşaya verərək biz müəllimlərinin ümidlərini doğrultdu. Vətənini, məktəbini, müəllim heyətini çox gözəl şəkildə təmsil etdi və birinciliyə layiq görüldü. Yazdığı inşa ilk növbədə rayon turunda 58 inşanın içərisindən seçilərək ilk səkkizliyə düşdü. Səkkiz şagirdin içərisindən səlis nitqi və təsirli çıxışı ilə münsiflərin ürəyini fəth edərək birinciliyə layiq görüldü. Növbəti turda isə Nuray Bakı Şəhər İcra Hakimiyyətində keçiriləcək yüksək səviyyəli yekun konfransında Binəqədi rayonunu təmsil etmək hüququnu qazandı və bu missiyanı layiqincə yerinə yetirdi.

Nuray Namazlı

Nurayın məqsədi ozunun də söylədiyi kimi 44 gundə kecirdiyi qarışıq duyguların həyəcanını, sevincini, kədərini dinləyicilərə mukəmməl şəkildə catdirmaq, bezdirmədən, yormadan onları həmin gunləri yenidən yaşamağa vadar etmək idi. Elə bilirəm, qızımız istədiyinə nail ola bildi. Yaddaşına əbədi həkk olunan yaşında baş verən hadisələri bizlərə secdiyi “Vətən muharibəsi – Qarabagın azad olunması” mövzusu ilə catdirdi. Muharibə başlandığı andan qələbəmizin çalındığı günə kimi bütün baş verənləri elə gözəl şəkildə sapa düzdü ki, oxuduqca sanki Vətən həsrəti ilə alışıb yanan ürəklərə buz bulaqlardan sərin sular səpildi.

“13 yaşımı tamamladım. Yaddaşıma əbədi həkk olunacaq yaşımı. Məhz bu yaşımda Vətənin bizim üçün nə demək olduğunu anladım, dərk etdim. Anladım ki, bu 27 ildə Vətən adlandırdığımız Qarabağımız, əslində tapdalanmış, yağmalanmış, sinəsində sağalmayacaq yaralar açılmış bir məkan olub. Uğrunda on minlərlə igid oğulların qanı tökülmüş bir yurd yeri olub. Bağrında yetişdirdiyi, yüz minlərlə övladına həsrət qalan, gözü yollarda olan tənha torpaq olub Qarabağ.”

Yazısına bu fikirlərlə başlasa da, nikbinliyini qorudu, sonrakı cümlələrində ümid işığını daha da alovlandırdı vətənpərvər qızımız: “Mən Qarabağ müharibəsi veteranının – Vətəninə bağlı bir hərbçinin qızı olaraq üzümü sizə tuturam, ey şəhidim, ey qazim, ey Vətən oğlum! Şuşada gəzəcəyəm sənin ayaqlarınla, Cıdır düzünü seyr edəcəyəm sənin gözlərinlə, Xarıbülbülü dərəcəyəm sənin əllərinlə! Hər bir anımda sizləri xatırlayacağam! Azərbaycan igidləri, bütün varlığımla söz verirəm, and içirəm!”

Bu cümlələrlə balaca qəlbində illərdən bəri yığılıb qalan, qalaq-qalaq olan söz xəzinəsini payladı Nuray qızımız. Beləliklə, atdığı addımla nəinki təhsil aldığı məktəbin, yaşadığı rayonun da sevimlisinə çevrildi. Biz isə bir müəllim kimi baxıb qürur duyduq. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə bu qüruru bizə yaşadan şagirdlərimizlə hər zaman fəxr edirik!

Səbinə İmanova,
Binəqədi rayonu, R.Əliyev adına 3 nömrəli
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Mission News Theme by Compete Themes.