Son yeniləmə: 6 Aprel 2021 17:01
Bayraqdar.info – “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi əsas hədəflərdir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində “Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimində bildirilib. Təqdimat mərasimində dövlət agentliyinin sədri Ülvi Mehdiyev, bir neçə ali təhsil müəssisəsinin rektoru iştirak ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən Ülvi Mehdiyev qurumun fəaliyyəti, innovasiya ekosisteminin yaradılması və onun əsas komponentlərinin formalaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, innovasiyalarla bağlı müasir çağırışlarda səylərin birləşdirilməsi üçün müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin aktiv fəaliyyəti vacibdir.
Mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Qeyd edək ki, layihə ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi üçün nəzərdə tutulur.