Son yeniləmə: 5 Aprel 2021 21:26
Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edib. Bununla bağlı Prezidentin Sərəncamı aprelin 5-də elan edilib. Bu haqda xəbəri Prezidentin Administrasiyası ictimailəşdirib.
Prezident İlham Əliyev Zaur Mikayılovu yeni təyinatıyla bağlı video formatda qəbul edib.
Ölkə Prezidenti qəbul zamanı Azərbaycanda su təsərrüfatının durumuyla bağlı geniş danışıb. O, ölkədə bu sahədə görülmüş işlər haqqında müsbət fikirlərini diqqətə çatdırıb. Eyni zamanda problemlərin də qaldığını vurğulayıb.
“Çatışmazlıqlar çoxdur və siz indi fəaliyyət dövrünüzdə əlbəttə ki, bütün bu işləri təhlil edəcəksiniz. Yenə də deyirəm, bu sahə prioritet sahə olaraq qalır və qalacaq. Ancaq burada yeni yanaşma olmalıdır, müasir tələblərə uyğun yanaşma. Hesab edirəm ki, siz bütün bu məsələləri qısa müddət ərzində bir daha təhlil edib, konkret təkliflər paketi ilə çıxış edəcəksiniz”, – deyə Prezident İlham Əliyev bildirib.
Ölkə başçısı özəlliklə də işğaldan qurtarılmış torpaqlarda su təsərrüfatıyla bağlı fikirlərini dilə gətirib.
“Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.” Prezident İlham Əliyev belə deyib.
Sözünün sonunda Prezident bildirib ki, Zaur Mikayılovu bu vəzifəyə təyin etməklə idarəetmədə yeni yanaşma məsələsini həll etmək məqsədi güdüb.
Sonda çıxış edən Zaur Mikayılov Prezidentə onun etimadını mütləq doğruldacağıyla bağlı söz verib.
Əlavə edək ki, uzun illər bu sahəyə başçılıq etmiş Əhməd Əhmədzadə bir neçə gün öncə vəzifədən azad edilmişdi.