Press "Enter" to skip to content

Özünü Vergi Xitmətinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Bayraqdar.info – Zaman-zaman özlərini vergi əməkdaşları kimi təqdim edərək ayrı-ayrı vətəndaşlardan rüşvət qismində pul alan dələduzların həbsi ilə bağlı xəbərlər eşidirik. Bu gün belə adamlardan biri də həbs edilib.

Bu haqda Azərbaycan Respublikası Baş Prokurorluğu xəbər yayıb. Xəbərdə deyilir li, Bakı şəhər sakini Çingiz Gündüz oğlu Məcnunzadə özünü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə pul alıb. Hazırda bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ARCM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, Çingiz Məcnunzadənin ayrı-ayrı şəxslərə özünü Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək guya “Sahibkarlara Maddi Yardım Fondu”nun açıldığını və pandemiya ilə əlaqədar olaraq zərər çəkən sahibkarlara 5 min manat məbləğində birdəfəlik pul yardımı ediləcəyi adı ilə, habelə vergi ödəyicilərinin vergi borclarının silinməsi və hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətlərin ləğv edilməsindən ötrü 39 min 800 manat məbləğində pul almasına dair əsaslı şübhələr müəyyən edilib.

Çingiz Məcnunzadəyə CM-nin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə o, həbs edilib. Hazırda Çingiz Məcnunzadənin törətmiş ola biləcəyi digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mission News Theme by Compete Themes.