Press "Enter" to skip to content

Ceyhun Bayramov İsrailin “Hayom” qəzetinə önəmli açıqlamalar verdi

Son yeniləmə: 5 Aprel 2021 15:02

Ceyhun Bayramov: Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da möhkəmlənəcək və dərinləşəcək

Bayraqdar.info – “Azərbaycanla İsrail arasında möhkəm ikitərəfli və dostluq münasibətləri mövcuddur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və biz bunu yüksək qiymətləndiririk. Əməkdaşlığımız qarşılıqlı faydalıdır və siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir.”

Xarici İşlər Nazirliyindən verilən məlumta görə, bunu nazir Ceyhun Bayramov İsrailin “Hayom” qəzetinə verdiyi müsahibədə deyib.

İstər regional, istərsə də qlobal məsələləri özündə ehtiva edən bir sıra vacib məqamlarla bağlı sualları cavablandıran nazir bildirib ki, ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunuq: “Əməkdaşlığımızı inkişaf etdirmək üçün artıq 10-dan çox sənəd imzalanıb, daha 20 müxtəlif layihə isə baxılmaqdadır. Bu sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı bir çərçivədir”.

Xalqlarımızın liderləri arasındakı şəxsi münasibətlərin dövlətlərarası tərəfdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edən Ceyhun Bayramov İsrailin Baş naziri Binyamin Netanyahunun 2016-cı ilin sonlarında ölkəmizə etdiyi səfərin çox məhsuldar olduğunu söyləyib.

Müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı İsrailin tutduğu mövqeyə də toxunun nazir, “2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan İsrail cəmiyyətinin səmimi dəstəyini alırdı. İsrailin, Ermənistan tərəfindən müharibə bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərinə 33 azərbaycanlı mülki şəxsin həyatına son qoyan vəhşi raket hücumları qurbanlarına göstərdiyi humanitar yardımını yüksək qiymətləndiririk. Azərbaycan əsilli israillilər Ermənistanın təcavüzünə öz etirazlarını və Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün mitinqlər təşkil etdilər. Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından məharətlə istifadə edilməsi hərbi qələbənin əldə olunmasında mühüm rol oynadı. Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da möhkəmlənəcək və dərinləşəcəkdir”, – deyib.

“Qafqaz bölgəsindəki bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan yəhudi icması ilə çox güclü əlaqəsi olan bir ölkə kimi tanınır. Bu tarixi uğurun sirri nədir” sualına isə nazir belə cavab verib: “Azərbaycan beynəlxalq multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Əsrlər boyu yəhudilər və azərbaycanlılar burada sülh və dostluq şəraitində yaşayıblar. Bu yaxşı ənənəni bu gün də davam etdirməkdən qürur duyuruq. Yəhudi icması cəmiyyətimizin çox fəal bir hissəsidir. Azərbaycanda yeddi sinaqoq var, onlardan beşi Bakıdadır. Yəhudi məktəblərimiz və mədəniyyət mərkəzlərimiz də var. Xalqlarımız arasındakı sıx münasibətlər və insanlar arasındakı aktiv əlaqələr ikitərəfli əlaqələrimizin vacib hissəsidir. Azərbaycanın yəhudi icması və əsasən Azərbaycandan olan yəhudilərdən ibarət İsraildəki Azərbaycan diasporu əlaqələrimizin inkişafında çox fəal rol oynayır”.

Qeyd edək ki, müsahibə ivrit dilində olmaqla ingiliscəyə tərcüməsi də dərc edilib. Azərbaycan XİN isə müsahibənin Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsini ictimaiyyətə təqdim edib.

Yazıya Azər Həsrətin əlavəsi edilib.

Mission News Theme by Compete Themes.