Bayraqdar.info – Aprelin 5-də “Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib”.
Bu haqda xəbəri Nazirliyin mətbuat xidməti yayıb. Nazir qonaqlara ölkələr arasındakı münasibətlərin tarixi, bu günü, inkişafı haqqında fikirlərini çatdırıb. Yeni imkanları vurğulayıb.
İraq nümayəndə heyətinin rəhbəri isə öz növbəsində iki ölkə arasında mövcud olan müsbət əlaqələri qeyd edib, “beynəlxalq səviyyədə Azərbaycanın İraqa verdiyi dəstəyi, eləcə də Azərbaycan tərəfindən göstərilən humanitar yardımı” dilə gətirib.
“İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistan tərəfindən törədilən dağıntılar, qeyri-qanuni fəaliyyət, çoxsaylı müharibə cinayətləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın həm işğal dövründə, həm də bu əraziləri məcburən tərk etmə mərhələsində azad olunan torpaqları geniş şəkildə mina ilə zəhərlədiyi, hərbi əməliyyatların dayandırılmasına rəğmən minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycan tərəfinə təqdim etmədiyi və beləliklə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam etdiyi İraq parlamentarilərinin diqqətinə çatdırılıb. Dünya dövlətlərinin bu məsələyə münasibətdə səssiz qalmamaları və Ermənistana ciddi təsir etmələrinin vacibliyi vurğulanıb” – deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Əlavə edək ki, nümayəndə heyətinin tərkibində İraq parlamentinin türkmən millət vəkili, martın 28-də İraq Türkmən Cəbhəsi başqanlığından istefa vermiş Ərşad Salihi də var.