Press "Enter" to skip to content

BŞİH-in keçmiş Aparat rəhbərinin həbsi ilə bağlı açıqlama

Son yeniləmə: 5 Aprel 2021 12:45

Bayraqdar.info – Baş Prokuroluğun yaydığı məlumatda bildirilir ki, Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Aparılmış istintaqla müəyyən edilib ki, BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Rasim Quliyev həm də Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərini icra edib. O, vəzifəli şəxs kimi BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalayıb.

“Bununla da, sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunmuşdur. Quliyev Rasim Vaqif oğlu barəsində Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir”, – deyə Baş Prokurorluğun məlumatında deyilir.

Xatırladaq ki, Rasim Quliyev 1990-cı illərin əvvəllərindən siyasi fəallığı ilə seçilib. O, Heydər Əliyevin qatı tərəfdarlarından biri, Prezident İlham Əliyevin alovlu dəstəkçisi kimi tanınır. Lakin göründüyü kimi, siyasi mövqeyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir. Bununla belə, Rasim Quliyevin həbsi ictimai rəydə birmənalı qarşılanmayıb. Hətta bir sıra fəal şəxslər onun yanlışlıq üzündən həbs edildiyinə inandıqlarını bəyan ediblər.

Mission News Theme by Compete Themes.