Bayraqdar.info – “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə əməkdaşlığı ilə “Qarabağ inciləri” layihəsi həyata keçirilir. Bu barədə verilən məlumatda qeyd olunur ki, layihənin əsas məqsədi Qarabağın qədim tarixi abidələri, memarlığı haqqında maarifləndirmə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına vasitəçi olmaqdır.
Layihənin əsas təbliğatı “ASAN Könüllüləri” Təşkilatının sosial şəbəkələrdəki rəsmi hesablarında həyata keçirilir. İlk növbədə layihə haqqında xüsusi posterlər vasitəsilə geniş məlumat paylaşılır. Sonra mütəmadi olaraq müəyyən qrafikə əsasən videoçarxlar paylaşılır.
Layihə çərçivəsində bu günə qədər Azərbaycan dili və 4 xarici dildə hazırlanmış Qarabağın 10 əsrarəngiz rayonunun (“Qarabağın muğam ocağı – Ağdam”, “Qarabağın ibadətgahı – Füzuli”, “Qarabağın qızıl sərvəti – Kəlbəcər”, “Qaçaq Nəbinin yadigarı – Qubadlı”, “Könüllülərin körpüsü – Cəbrayıl”, “İlk insan yurdu – Xocavənd”, “Ruhumuzun qanadı – Laçın”, “Başı çinardan uca – Zəngilan”, “Tarixin qanlı səhifələrinin şahidi – Xocalı”, “Qarabağ xanlarının məskəni – Xankəndi”) ərazisində yerləşən qədim, tarixi memarlıq abidələri haqqında videoçarxlar paylaşılıb.
Bu gün isə Azərbaycanın dilbər guşələrindən olan, Xan Şuşinskinin səsini qoynunda saxlayan, şərq ölkələrinin mədəniyyət mərkəzlərindən biri, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Şuşa şəhəri haqqında hazırlanmış videoçarx təqdim edilib.