Son yeniləmə: 3 Aprel 2021 19:43
Emin Əmrullayev: “Gündəlik təxminən 100-ə yaxın müəllim və məktəb personalı COVID-19-a yoluxur”
Bayraqdar.info – “Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti hələ ki, davam etdirilir”.
Bu sözləri Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.
“Uşaq bağçaları distant təhsilə keçmir və bağlanmır. Növbəti günlərdə və həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək”, – deyə nazir bildirib.
“Hazırda ölkədə gündəlik təxminən 2 400 yoluxma var. Bu yoluxma halları fonunda bəzi insanlar uşaqların və müəllimlərin məktəbə getməsinin tərəfdarıdır. Bu, normaldır, amma yoluxma çox olduğu halda məktəblər açıq ola bilməz. Bu aylar ərzində bilirik ki, gündəlik yoluxmaların təxminən 4-6 faizi müəllimlər olub. Təbii ki, yoluxmaların hər biri məktəbdə baş vermir. Bu yoluxmalar ailədaxili, nəqliyyatda və başqa yerlərdə baş verir. Gündəlik təxminən 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur. Bunun da 80 faizi Bakı, Sumqayıt və Abşeronun payına düşür.”
Bu sözləri də nazir Emin Əmrullayev Facebook izləyicilərinin suallarını cavablandırarkən deyib.
“Növbəti həftələrdə koronavirusa yoluxmanın hansı vəziyyətdə olacağı ilə bağlı qeyri-müəyyənliklə üz-üzəyik”, – deyən nazir onu da bildirib ki, indiyə qədər peyvənd olunanlarda heç bir mənfi hal qeydə alınmayıb.