Son yeniləmə: 3 Aprel 2021 12:55
Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentliklərindən olan “El Expediente”də Ermənistanın cinayətlərindən bəhs olunub
Bayraqdar.info – Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlər haqda həqiqətlər Latın Amerikası ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılır. Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən verilən məlumata görə, bu istiqamətdə növbəti addım Kolumbiyada atılıb. Belə ki, Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentliklərindən olan “El Expediente” portalında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Canlı tarix” başlıqlı yazı dərc olunub.
Yazıda 1918-ci ilin mart-aprel aylarında erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində xüsusi qəddarlıqla kütləvi qırğınlar törədildiyi, on minlərlə dinc azərbaycanlının etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyi bildirilir. Ümumilikdə, 1918-ci il mart qırğınlarının radikal millətçi ermənilərin xalqımıza qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə motivləri əsasında, öncədən planlaşdırılmış və qəddarcasına həyata keçirilmiş bir siyasət olduğu vurğulanır. Həmçinin həmin hadisələrdən bir əsrdən çox vaxt keçməsinə rəğmən, bu siyasətin müasir dövrdə də davam etdirildiyi bildirilir. Belə ki, Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdiyi, ötən ilin 27 sentyabr tarixindən başlanılan hərbi əməliyyatlar zamanı Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan şəhərlərinin dinc sakinlərinə qarşı raket hücumlarına əl atdığı, bu yolla da bir əsr öncəki mart qırğınının xatirələrini geri qaytardığı vurğulanır.
Bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyi vurğulanan yazıda o da əlavə edilir ki, məruz qaldığı bütün amansız cinayətlərə baxmayaraq, Azərbaycan sülh və barışıq tərəfdarı olmaqda davam edir.