Bayraqdar.info – Fərdlərin soyqırım, savaş və insanlıq əleyhinə cinayətləri, həmçinin təcavüz əməllərini araşdıran Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ-ın bu qurumun bəzi nümayəndələrinə tətbiq etdiyi sanksiyaları ləğv etməsini alqışlayır.
Bunu qurumun Üzv Dövlətlər Məclisinin (ÜDM) prezidenti Silvia Fernandez de Gurmendi bəyan edib.
“Roma Statutunun Üzv Dövlətlər Məclisinin prezidenti kimi ABŞ hökumətinin 13928 saylı icra qərarını ləğv etməklə bağlı addımını dərin məmnunluqla qeyd edirəm. Bu qərarla BCM-nin prokuroru və onun ofisinin yüksək vəzifəli əməkdaşına, eləcə də qurumun bəzi üzvlərinə qarşı tətbiq edilən məhdudiyyətlər aradan qalxır”, – deyə Silvia Gurmendi bildirib.
ABŞ-ın qərarının BCM-nin işini möhkəmləndirəcəyini deyən ÜDM prezidenti sözlərinə bu addımın “qanun əsaslı nizamı” da möhkəmləndirəcəyini əlavə edib. Xanım prezident belə bir qərarın Roma Statutunun bir sıra məsələlərlə bağlı geniş tətbiq edilməsi ərəfəsində verilməsini də təqdir edib. O, BCM-in ABŞ-a olan ehtiyacını da ayrıca vurğulayıb.
Qeyd edək ki, Üzv Dövlətlər Məclisi BCM-nin idarəetmə və qərarvermə qurumudur. Bu qurum Roma Statutunu ratifikasiya etmiş dövlətlərdən formalaşır. Silvia Gurmendi Məclis prezidentliyinə bu ilin fevralında üç il müddətinə seçilib.
Onu da əlavə edək ki, ABŞ Prezidenti Donald Tramp 2020-ci ilin iyun ayında BCM-nin prokuroru Fatou Bensouda və onun köməkçisinə qarşı sanksiya tətbiq etmişdi. Səbəbsə xanım F.Bensoudanın ABŞ əsgərlərinin Əfqanıstandakı cinayətlərini araşdırması olmuşdu. Bu ilin yanvarında Donald Trampın prezidentlik müddətinin bitməsilə vəzifəsinə başlayan yeni prezident Co Bayden bir sıra məsələlərdə olduğu kimi BCM-nə münasibətdə də dözümlülük nümayiş etdirmək qərarına gəlib.