Press "Enter" to skip to content

Türkiyə Ordusunun ehtiyatda olan generalından önəmli açıqlama – ÖZƏL

Son yeniləmə: 1 Aprel 2021 22:17

Yücel Karauz: 31 mart 2021-ci il Türk Dünyası üçün çox önəmli bir tarix kimi yadda qalacaq

Bayraqdar.info – “2020-ci il Türk Dünyası üçün çox məhsuldar və hətta zəfər ili oldu. Türk Dünyası əldə edilən önəmli uğurlara, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da gücləndi. Bu uğurların fonunda bu il martın 31-də keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü də edilən müzakirələr və qəbul olunan qərarlar baxımından tarixə düşdü.”

Bu sözləri Bayarqdar.info-ya açıqlamasında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Yücel Karauz

Türkiyəli general bildirib ki, ümumiyyətlə Zirvə görüşü Azərbaycanın Vətən müharibəsindəki zəfərinin yaratdığı qalibiyyət əhval-ruhiyyəsində keçib: “Əvvəla, toplantıda çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi münasibətilə təbriklərini çatdırdılar. Bütün çıxışçılar bu münaqişənin Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə başa çatmasından duyduqları sevinci dilə gətirdilər. Eyni zamanda çıxışlarda Qarabağdakı türk irsinin, qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpası və qorunması üçün Azərbaycana hərtərəfli dəstək veriləcəyi bir daha bəyan edildi. Toplantıda həmçinin siyasi, iqtisadi və digər sahələrlə bağlı mühüm tarixi qərarlar qəbul edildi. Yəni, təşkilatın adının dəyişdirilməsinə, Qazaxıstanın Türküstan şəhərinin Türk Dünyasının mənəvi paytaxtlarından biri elan olunmasına, təşkilatın fəaliyyətinə və digər vacib məsələlərə dair qərarların qəbulu xüsusi önəm daşıyır. Zirvə görüşündə türkdilli dövlətlər arasında enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin reallaşdırılması haqqında da fikirlər səsləndirildi. Hesab edirəm ki, bu istiqamətdə çox qısa zamanda önəmli addımlar atılacaq”.

Yücel Karauz deyib ki, həm bu qərar və təkilflər, həm də Türk Dünyasında elm, mədəniyyət, ədəbiyyat sahəsində yaxın vaxtlarda atılacaq addımlar bizim aramızdakı bağları daha da dərinləşdirəcək və gücləndirəcək: “Beləliklə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu toplantıda qəbul edilən qərarlarla orta və uzaq hədəflərə doğru inamla irəliləməkdə olduğunu bir daha təsdiqlədi. Zirvə görüşünə qatılan dövlət başçılarının yanında öz ölkələrinin bayraqları ilə yanaşı Türk Dünyasının ortaq bayrağını da qoymaları isə uzun illər xəyal kimi görünən Türk Birliyinin artıq reallaşdığını bir daha nümayiş etdirir. Məhz bütün bunları sadalamaqla bir daha demək istəyirəm ki, 2009-cu il Naxçıvan anlaşmasından sonra 31 mart 2021-ci il Türk Dünyası üçün çox önəmli bir tarix kimi yadda qalacaq”.

Mission News Theme by Compete Themes.