Bayraqdar.info – Güney Koreya Respublikasının paytaxtı Seul şəhərində aprelin 1-dən etibarən “Azərbaycan multikulturalizmi” adı altında dərslərə başlanılıb. Dərslərdə iştirak edəcək koreyalılar Azərbaycan, Azərbaycan dili və mədəniyyəti, Azərbaycan tarixi və cəmiyyəti haqqında məlumatlandırılacaq.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyindən verilən məlumata görə, həftədə 2 dəfə (hərəsi 2 saat) olacaq dərslər Seul İcra Hakimiyyətində İnsan Haqları və Mədəni Müxtəliflik departamentinin direktoru, həmvətənimiz Nihat Xəlilzadə tərəfindən təşkil olunur. Dərslərin keçirilməsində əsas məqsəd Azərbaycanın multikulturalizm mədəniyyəti və dilimizin Güney Koreya cəmiyyətində təbliğ olunması, bundan əlavə iki ölkə əlaqələrinin daha da genişləndirilməsidir.
Məlumat üçün bildirək ki, Xəlilzadə Nihat Lazım oğlu 1992-ci ildə Masallı rayonunda anadan olub. 10 ildən artıqdır ki, Güney Koreyada yaşayır. Nihat Xəlilzadə, eyni zamanda Qanqnam Bələdiyyəsində Qlobal Mərkəzin direktoru, bundan əlavə Ədliyyə Nazirliyində İmmiqrantların Məsləhətçisidir.
Güney Koreyada Azərbaycan İcmasının aktiv üzvü olan Nihat Xəlilzadə bu ölkədə dövlət məmuru olan ilk Azərbaycanlıdır. O, Güney Koreyada 2011-ci ildən UNESCO, 2014-cü ildən Seul Gənclər Mərkəzində Azərbaycan haqqında dərslər keçir.