Bayraqdar.info – “Şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı hər il daha da genişlənir. Buna misal olaraq 2018-ci ildə 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə 70 faizə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. Bu il artıq 200 mənzil təqdim olunub”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlqalər və kommunikasiya şöbəsindən verilən məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, aprelin 2-də Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim olunub. Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin də iştirak etdiyi təqdimat mərasimində qeyd edilib ki, Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində yaxın 5 ildə bu kateqoriyadan olan daha 11 min şəxs mənzil və fərdi evlə təmin olunacaq.
“Mənzillərlə təmin edilən şəhid ailələri və müharibə əlilləri onlara göstərilən yüksək qayğıya, şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyas alan sosial dəstək tədbirlərinə, həmçinin yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər” – deyə sonda vurğulanıb.