Press "Enter" to skip to content

Paytaxtda və iri şəhərlərdə məktəblər yenidən bağlanır

Son yeniləmə: 1 Aprel 2021 22:36

Bayraqdar.info – Məlum olduğu kimi, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdi.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

“Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur”, – deyə nazirlik qeyd edib.

Məsələylə bağlı Təhsil naziri Emin Əmrullayev də ayrıca paylaşım edib: “Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonu) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi. Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür”.

Mission News Theme by Compete Themes.