Press "Enter" to skip to content

Ortalama yoluxma sayına görə 83, ölüm sayına görə 79-cu yer – TƏHLİL

Bolqarıstanda müayinə olunan 2 min 230 nəfərdən 305-də koronavirus aşkarlanıb

Son yeniləmə: 2 Aprel 2021 09:43

Azər HƏSRƏT, @azerhasret

Bayraqdar.info – Bu rəqəmlər Azərbaycana aiddir. Dünyada COVID-19-un tüğyan etdiyi bir vaxtda gündəlik və hətta saatlıq hesabatlar hazırlanır, durumun proqnozlaşdırılması və profilaktikası üçün tədbirlər görülür. Azərbaycan dünya dövlətləri arasında COVID-lə ən uğurlu mübarizə aparanların sırasındadır. Bunu yuxarıda qeyd edilən rəqəmlər də təsdiqləyir.

Rəqəmləri “Worldometers” adlı resursdan əldə etmişik. Qurum ən son statistikanı toplayıb müqayisə aparır. Bu statistikaya görə, 1 aprel 2021-ci il üçün Azərbaycanda yoluxma sayı 263 min 961 nəfər təşkil edib. Bu rəqəmlərlə ölkə yoluxma sayına görə dünyada 54-cü yerdə qərar tutub.

Eyni günə cəmi 3 min 593 ölü sayı ilə ölkəmiz 61-ci yerdə qərarlaşıb. Ümumi yoluxanların 238 min 985 nəfərinin tam sağalmasıyla Azərbaycan bu reytinqdə 49-cu yerdədir.

Aktiv xəstə sayına görə isə ölkəmiz 21 min 383 nəfərlə 58-ci yerdədir.

Bizdə bir milyon nəfərə düşən yoluxma sayı 25 min 859 hal təşkil edir. Bu isə dünya üzrə 83-cü yer deməkdir.

Bir milyon nəfərə 352 ölümlə 79-cu yerdəyik.

2 milyon 888 min 33 test aparmaqla Azərbaycan dünyada 61-ci yerdə qərar tutub. Bu isə o deməkdir ki, hər milyon nəfərə 282 min 929 test düşür. Bu göstərici bizi 92-ci yerdə qərarlaşdırıb.

Qeyd edək ki, “Worldometers” bu rəqəmləri Azərbaycan əhalisinin ümumi sayını 10 milyon 207 min 610 nəfər kimi qəbul edərək açıqlayıb. Bu isə dünya ölkələri arasında 88-ci yer deməkdir.

Onu da əlavə edək ki, dünya üzrə ortalama rəqəmlərə baxdığımızda ölkəmizdə durumun heç də pis olmadığı qənaətinə gələ bilərik.

Beləliklə, dünyada ümumi yoluxanların sayı: 130 milyon 186 min 501 nəfər. Ölənlərin sayı: 2 milyon 840 min 296 nəfər. Sağalanların sayı: 104 milyon 898 min 496 nəfər.

Bu rəqəmlər işığında dünya üzrə ortalama göstəricilər:

Hər milyon nəfərə düşən yoluxma sayı – 16 min 699 nəfər;
Hər milyon nəfərə düşən ölüm sayı – 364 min 30 nəfər.

Müqayisə üçün deyək ki, qonşu Gürcüstan hər milyon nəfərə 950 ölü sayıyla dünyada bu göstərici üzrə 40-cı yeri, Ermənistan isə 1 min 191 nəfərlə 33-cü yeri tutur.

Azərbaycana gəlincə, bir daha qeyd edə ki, hər milyon nəfərə düşən ölüm sayı 352 nəfər təşkil edib.

Ermənistanda hər milyon nəfərə düşən yoluxma sayı 65 min 288 nəfər, Gürcüstanda isə 70 min 859 nəfər təşkil edib. Azərbaycanda hər milyon nəfərə düşən yoluxma sayı isə 25 min 859 nəfər olub.

Bu arada əlavə edək ki, Azərbaycan Güney Qafqaz ölkələri arasında peyvəndləməyə başlayan ilk ölkədir. Artıq ölkədə 1 milyona yaxın insan peyvəndin birinci dozasını qəbul edib. İkinci peyvəndi vurduranların sayı isə yarım milyondan keçib. Ermənistanda peyvəndləmə ilə bağlı açıq mənbələrdə bilgi yoxdur. Gürcüstanda isə prosesə 29 martda başlanılıb və peyvənd olunanların sayı 10 min civarındadır.

Bütün bu rəqəmləri bir daha nəzərdən keçirəndə təkrar əmin oluruq ki, dövlətin COVID-19-a qarşı apardığı profilaktik tədbirlər öz bəhrəsini verməkdədir. Özəlliklə də qonşu ölkələrlə müqayisə bizim ciddi şəkildə öndə olmağımız deməkdir. Bununla belə, biz arxayın olmamalı, qorunma tədbirlərini ayaqda tutmağa davam etməliyik.

Mission News Theme by Compete Themes.