Press "Enter" to skip to content

Ölkə prezidentinə sual verdi, ölümlə hədələndi

Son yeniləmə: 2 Aprel 2021 08:29

Bayraqdar.info – “Serbiya rəsmiləri KRIK adlı qurumun araşdırmaçılarına qarşı davam edən qarayaxma kampaniyasını sürətli və ayrıntılı şəkildə araşdırmalı, qurumun işçilərinin təhlükəsizliyini təmin etməlidir”.

Bu sözlər Nyu Yorkda (CPJ) yerləşən Jurnalistləri Müdafiə Komitəsinin açıqlamasındandır.

CPJ-nin açıqlamasına görə, martın 7-də mətbuat konfransı zamanı KRIK-in nümayəndəsi Serbiya Prezidenti Aleksandr Vuçiçə sual ünvanlarkən cavab almaq yerinə sonuncu tərəfindən təhqir edilib. Prezident jurnalistin sualına cavab vermək yerinə onu “tərbiyəsiz” adlandırıb. Sual mütəşəkkil cinayətkarlıqla bağlı olub.

Bunun ardından hakimiyyət mediası və hakim partiya rəsmiləri KRIK-ə qarşı kampaniya başladaraq bu qurumun özünü mütəşəkkil cinayətkarlarla əlaqədə ittiham edib. Qurumun layihə müdiri Yelena Vasiç CPJ-yə açıqlamasında bu ittihamları qəti şəkildə rədd etdiklərini və “qarayaxma kampaniyasının jurnalist araşdırmalarını gözdən salmaq məqsədi” güddüyünü deyib.

KRIK və onun işçiləri Facebook üzərindən ölümlə də təhdid edilib. Hətta onları güllələməklə hədələyənlər də olub.

Məsələyə münasibət bildirən CPJ Avropa və Orta Asiya proqramları koordinatoru deyib ki, “Serbiya rəsmiləri məsələni araşdırmalı və jurnalistlərə qarşı təhdidlərin qarşısını almalıdır”.

KRIK Serbiyadakı cinayətkar qruplar və onların siyasi əlaqələrini araşdırmaqla məşğuldur. Qurum məlum Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) Serbiya üzrə Cinayət və Korrupsiya Araşdırma Şəbəkəsi adlı tərəfdaşıdır.

Sonrakı günlərdə mediada çıxan xəbərlərdə, əslində KRIK araşdırmaçılarının özlərinin mütəşəkkil cinayətkarlarla əlbir olduğu iddia edilib. Bir sıra media qurumları və parlament üzvləri KRIK-in nümayəndələrinin konkret olaraq bu yaxınlarda həbs edilmiş cinayətkar qrup rəhbəri Veliko Belivuk üçün işlədiyi haqda xəbərlər yayıb.

Qeyd edək ki, özünün şübhəli əlaqələri və fəaliyyəti ilə diqqət çəkən OCCRP-ın adı Azərbaycanla bağlı da hallanır. Qurumun guya korrupsiya və cinayətkarlığı araşdırdığı iddia edilsə də bir sıra ölkələrdə dövlət rəhbərlərini, eləcə də bütövlükdə hakimiyyəti hədəf aldığı bilinən məsələdir. Bu yolla qurum arxasında duran qüvvələrə konkret dövlətlərə əlavə təsir imkanları yaratmağı hədəfləyir. Görünür, Serbiya ilə bağlı da belə bir prosesə başlamaq tapşırığı verilib və artıq beynəlxalq səviyyədə kampaniya da təşkil edilib. OCCRP-nin arxasındakı əsas gücün inqilablar sponsoru Corc Sorosun olduğu bilinir.

Mission News Theme by Compete Themes.