Press "Enter" to skip to content

Günün ən önəmli mövzuları ətrafında gəzişmələr

Azər HƏSRƏT, @azerhasret

Bu gün bütün anlamlarda informasiya ilə işləyənlər üçün zəngin bir gündür. O baxımdan ki, həm yeni informasiyalar, həm də tarixi dəyərləndirmə imkanları var. Hər şeydən öncə Kəlbəcər haqqında danışırıq.

Kəlbəcər 1993-cü ilin bu günü Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. O günü xatırlayırıq. Ümumiyyətlə o günləri xatırlayırıq. Ölkənin idarəetməsini tək kəlməylə – xaos kimi qiymətləndirə bilərdik. Təəssüf ki, bu, bir gerçəklikdir. Təbii ki, belə bir xaos həm də düşmən üçün əlavə imkan idi. Ona görə də Kəlbəcər işğal edildi. Biz Kəlbəcəri, onunla bərabər insanlarımızı da itirdik. Gücümüz yetmədi, daxildə bir ola bilmədik və düşmən də bundan yararlandı.

Lakin Kəlbəcər məsələsi indi qapanmış sayıla bilər. Çünki artıq o torpaq da uzun müddət işğal altında olmuş digər torpaqlarımız kimi Vətənə qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözün bütün anlamlarında dahiyanə strategiyası nəticəsində işğalçı Ermənistan bir güllə belə atmadan 2020-ci ilin 25 noyabrında Kəlbəcərdən çəkilib getməli oldu. Hərbi düha – ağıllı siyasət məhz bu nəticə ilə bizi sevindirdi. Ona görə də biz bu gün, hər ilin bu günü olduğu kimi Kəlbəcərin işğalını gözüyaşlı qeyd etmirik.

Kəlbəcər günündə Azərbaycan gündəmində həm də Rusiya istehsalı olan “İskəndər” raketi müzakirə mövzusudur. Bugünlərdə Azərbaycan tərəfi Qarabağ torpaqlarında bu raketin qalıqlarını aşkarlayıb. Bəlli olur ki, Ermənistan 44 günlük savaş günlərində bu raketdən də istifadə edib. Biz bunu bilirdik. Lakin dünyaya sübut edə bilmirdik. Əlimizdə fakt yox idi. İndi isə əlimizdə konkret fakt var və dünya artıq inanmaq zorundadır.

Ümumiyyətlə isə, Ermənistanın raket hücumları bəlkə də 44 günlük savaşa ən çox damğasını vurub. Çünki savaşın getdiyi digər ərazilərdə hərbiçilər üz-üzə durmuşdusa, raket atılan ərazilərimizdə hər hansı hərbi hədəf yox idi. Örnək üçün, Gəncəyə, Bərdəyə raketlərin atılması bu qəbildəndir. Hər dəfəsində yalnız dinc insanlar həlak olurdu. Özü də onlarla. Yəni işğalçı Ermənistan rəhbərliyi də bir zamanlar Səddam Hüseynin İsraildə dinc şəhərlərə raket atmasını təkrarlayırdı. Nəticə də elə İsraildəki kimi oldu. Sonadək də elə olacaq. Necə ki, Səddam Hüseynin raket atdığı İsrail indi daha da inkişaf edir, onun özü isə asılmaqla ölümə məhkum edildi, Ermənistanın başçılarını da eyni aqibət gözləyir. Azərbaycan inkişaf edir və edəcək, bu cinayətləri törədən Ermənistan rəhbərləri isə çətin ki, canlarını qurtara biləcək…

Bu aprel günündə həm də 2016-cı ilin 4 günlük aprel döyüşlərini xatırlayırıq. Əslində həmin o 4 günlük savaş 2020-ci ildəki 44 günlük savaşın və möhtəşəm zəfərin təməllərini atmışdı. Biz xatırlayırıq ki, Azərbaycan ictimai rəyi məhz o 4 günlük savaş günündə də eyni ruh yüksəkliyi ilə ayağa qalxmış, Ali Baş Komandandan savaş tələb etmişdi. Lakin müdrik Komandan həmin günlərdə bir qədər də səbr etməyin lazım olduğuna qənaət gətirdi. Biz güvəndik, inandıq və yanılmadığımıza 2020-ci ilin 44 günlük savaşı sonucu qazanılmış möhtəşəm zəfərlə əmin olduq. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev, öz sözüylə desək, “nəyi nə zaman etməyi” hər bizimizdən yaxşı bilir. Özü də qat-qat.

Günün mövzuları arasında əlbəttə ki, peyvəndləmə də ön sıradadır. Nə baş verməsindən asılı olmayaraq bütün dünya bu mövzuya köklənmək zorundadır. Azərbaycan yenə də mümkün olanı edir ki, vətəndaşlarımızın həyatı xilas olunsun. Son vaxtlar COVAX peyvəndinin gətirilməsi, digər peyvəndlərdən istifadə imkanları genişlənib. Bu, yaxşı haldır. Azərbaycanın çevik davranmasının nəticəsidir ki, ölkəmizdə artıq az qala bir milyona yaxın insana peyvənd vurulub. Belə davam etsək mümkün qısa müddətdə COVID-19-un əl-ayağını yığışdıra biləcəyik. Yenə də dövlətə güvənmək lazımdır. Nəzərə alaq ki, hazırda elə ölkələr var ki, onlar ümumiyyətlə peyvənd əldə edə bilmirlər…

Və bu arada, 2 gün sonra – aprelin 4-də xristian vətəndaşlarımız Pasxa bayramını qeyd edir. Azərbaycan növbəti dəfə bütün dünyaya dini tolerantlığın daha bir örnəyini nümayiş etdirəcək. Bura məscidlə kilsənin, sinaqoqun dinc yanaşı mövcud olduğu, hər üç dinin, eləcə də digər inancların ardıcıllarının sülh içində yaşadığı örnək bir ölkədir. Bizim qürur duyacağımız dəyərlərimiz çoxdur. Lakin bütün dünyada problemə çevrilmiş dini dözümsüzlük fonunda Azərbaycandakı dini dözümlülüklə əlavə qürur duya bilərik.

Mission News Theme by Compete Themes.