Press "Enter" to skip to content

Arxeoloqlar Xocalı-Gədəbəy istiqamətində tədqiqatlarını davam etdirir

Son yeniləmə: 2 Aprel 2021 12:19

Bayraqdar.info – “AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda Son Tunc və İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində kameral tədqiqatlar davam etməkdədir.”

Bu xəbəri İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Xəbərdə daha sonra deyilir: “2019-cu ildə “AzerGold” QSC ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqavilə çərçivəsində Daşkəsən rayonunda yerləşən Çovdar əlvan metal filizi yatağında aşkar edilmiş qədim məzarlıqda tədqiqatlar aparılıb. Tədqiqatları aparmış “Daşkəsən” arxeoloji ekspedisiyasına İnstitutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Bəxtiyar Cəlilov rəhbərlik edib. Arxeoloji araşdırmalar zamanı Son Tunc – İlk Dəmir dövrünə (e.ə. II minillyin II yarısı – e.ə. I minilliyin əvvəli) aid olan nekropoldakı daş qutu və torpaq qəbirlərdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan çoxsaylı maddi mədəniyyət nümunləri (məişət, mərasim və bəzək əşyaları və silahlar, o cümlədən küpə, kasa, xeyrə, kəmərlər, bilərziklər, sırğalar, üzüklər, asmalar, xəncər və nizələr və d.) aşkar edilmişdir”.

Xəbərdə o da qeyd edilir ki, “kameral işlərə rəhbərlik edən Səfər Aşurov və Bəxtiyar Cəlilovun bildirdiyinə görə, hal-hazırda ekspedisiya üzvləri olmuş İnstitut əməkdaşları Lola Əkbərova, İlahə Nəhmətova və Fidan Əliyeva Çovdar nekropolunda aşkar edilmiş maddi mədəniyyət nümunələrini, xüsusilə keramika məmulatlarını bərpa etməkdədirlər. Həmçinin, İnstitutun Antropologiya Mərkəzinin əməkdaşları Vüsal Həsənov və Ülkər Allahverdiyeva nekropoldan aşkar edilmiş qədim insan qalıqlarını antropoloji tədqiqata cəlb edib”.

Mission News Theme by Compete Themes.