Son yeniləmə: 31 Mart 2021 21:34
Onun səsi Qarabağdan dünyaya səsləndi
Könül SƏİD
İzah edə bilmədiyimiz hər şey bir möcüzəyə bağlıdır. Onun sirli qapıları arxasında gizlidir. Həqiqətən də dünyada izah olunmayan hadisələr var. Bəzən həyatdakı, təbiətdəki bu hadisələri izah etmək üçün kifayət qədər biliklərə sahib olmuruq, bəzən də hadisələrin baş verdiyi fiziki qanunları bilmirik. Buna görə də onlara tez-tez möcüzə deyirik.
Gerçək həyatda insanların gözlərinin önündə çox sayda möcüzələr yaşanır. Və sadəcə insanlar möcüzələrin çoxunu möcüzə olaraq saymır. Məsələn, yeni bir insanın dünyaya gəlməsi, sevginin, dostluğun, günəşin parlaq şüaları ilə bərq vurması, oxuduğumuz kitablar, qəhrəmanlarının yaşadığı hissləri yaşamaq və s.
Bəs həqiqətən nəyi möcüzə adlandırmaq olar?
Bu sual axır zamanlar beynimin ən dərin qatına nüfuz edəcək qədər məni düşüncələrə sövq edirdi. Möcüzə deyəndə nələr gəlir gözümün önünə? Bax, sualdan sual doğur, axtarışdan axtarış. Ona görə bu sualı şagirdlərimə ünvanladım. Aldığım cavablar elə bil 5-ci sinif şagirdlərindən yol alıb gəlmirdi. Sanki böyük ürəyin sahiblərinin dərinlik dəryasından süzülürdü.
İndi anladım ki, mənim üçün əsl möcüzə şagirdlərimdir. Hələ qəlblərinin dərinliklərində yatanı üzə çıxarmağa çalışan, boy atıb ulduzlara qədər çatmağı planlayan şagirdlərim. Bu gün onlardan birini vəsf etmək istərdim. Onun möcüzə ilə bağlı suala cavabı məni həm kövrəltdi, həm də qürurlandırdı.
Gözəl gözlü, uzun-uzun saçları xəyal dünyasında dolaşan, əlləri, ürəyi ilə yeri və göyü birləşdirib göyqurşağı edə biləcək bir şagirdim Emiliyadan danışmaq istəyirəm. Zamanı gəlincə yeni dünyanın gənc qələm ustalarından birinə çevriləcək. Sözləri bir-bir nazlayıb, əzizləyib sapa düzə bilir. Hələ ilk gündən bu xəzinəni kəşf etməyə başladım. Onun möcüzə dolu dünyasına daldım.
Möcüzə nədir?
Emiliya MƏMMƏDOVA
Əgər bir iş öz axarında getmirsə, öz yolunda durmursa bu, möcüzədir. Mən belə düşünürəm. Razılaşmaya bilərsiniz. Bəzən qara buludların ardından bizə boylanan möcüzə həyatımızı dəyişir. Bəzən də sonumuz olur.
44 günlük Qarabağ müharibəsi zamanı düşmən raketləri tarixi diyarıma, yəni Gəncəmə doğru yol aldı. Evləri dağıtdı, can aldı. Ölkəmin insanını bu vəhşət, bu dəhşət göz yaşlarına boğdu. Amma o dağıntılar altından salamat çıxan insanları gördük. Bax, bu da möcüzədir.
İnsanın nəfəs alması, yaşaması, görməsi, iki ayağı üzərində dimdik durması həqiqi möcüzədir. Hər kəs möcüzəni görmək, ona toxunmaq, onun atəşinin istisində qızınmaq istər. Hər kəs möcüzə adlı bu sirli dünyanın qapılarını açmaq istər.
Mənim üçün isə əsl möcüzə Xudayar Yusifzadənin səsidir. Bu səs hər kəsə möcüzənin qapılarını açdı. Onun səsi Qarabağdan dünyaya səsləndi. Bu səs dünyanı silkələdi. Bu səs möcüzəni belə möcüzəyə inanmağa sövq etdi.
Bayraqdar.info: Bu maraqlı yazını bizə Bakıdakı 100 saylı tam orta məktəbin müəllimi Könül SƏİD (Könül Aslanova) və şagirdi Emiliya MƏMMƏDOVA təqdim edib. Maraqlı təcrübədir. Ona görə də dərc etmək və gələcəkdə də bu cür təcrübəni davam etdirmək qərarına gəldik.