Press "Enter" to skip to content

Qırğız ünlüsü: Dəvət olarsa Azərbaycanda həvəslə filmə çəkilərəm – ÖZƏL

Son yeniləmə: 1 Aprel 2021 13:59

Mən onu tanıyıram. Hətta yol yoldaşlığımız da olub. İllər öncə türk dünyası jurnalistlərinin bir toplantısı üçün Kazanda birlikdə olmuşuq. Bu zərif və gözəl qırğız qızı adicə bir jurnalist deyil. Onun fəaliyyət sahəsi çox genişdir. Hətta o qədər geniş ki, Qırğızıstandan kənarda da yetərincə tanınır, sevilir. Azərbaycana münasibəti isə özəldir – sevgi doludur. Türk dünyası sevdalısıdır o. Bayraqdar.info ilk müsahibələrdən birini ondan almağı da təsadüfən seçmir. Biz düşündük ki, türk dünyasının ən uzağından başlayaq ki, coğrafiyamızın nə qədər geniş olduğunu hər kəs görsün. Yəni bizim fəaliyyətimiz təkcə Azərbaycanla məhdudlaşan deyil. Özəlliklə də türk coğrafiyasını geniş şəkildə əhatə etməyə çalışacağıq.

Beləliklə, Bayraqdar.info üçün uzaq Bişkekdən gözəl qırğız qızı, ictimai xadim, sənətçi, jurnalist, TV aparıcısı-ulduzu Nəzirə Aytbeklə söhbət edirik. Biz, qeyd etdiyimiz kimi, onu yaxşı tanıyırıq. Lakin oxucularımızın daha geniş tanıması üçün özünü dinləyək.

Azər HƏSRƏT: Azərbaycan oxucuları üçün Nəzirə Aytbek kimdir? Özünüz haqda təqdimatdan başlayaq.

Nəzirə Aytbek həm də gözəlliyi ilə tanınır

Nəzirə AYTBEK: Özümü Sovet dönəminin qızı sayıram. Çünki o dönəmdə – 1985-ci ildə doğulmuşam. Özü də 7 Noyabr bayramı günündə. Bəlkə də bu üzdən həyatımda, insanların həyatında inqilab etməyi, dəyişikliklər gətirməyi, baxışları dəyişdirməyə səbəb olmağı sevirəm. Alatoo Türk Universitetini bitirmişəm. Olimpiya yarışması sonucu Universitetə dəvət edilmiş və bu yolla da geniş türk dünyasıyla tanışlığım başlamışdı. Beləcə də türk dünyasını sevdim. Bəlkə də sevdim demək az olar. Rəsmən aşiq oldum! Həm dilinə, həm mədəniyyətinə, həm musiqisinə, həm yeməklərinə. Bir sözlə hər şeyinə! Universitetdə türk dilini yüksək səviyyədə öyrəndim. Özüm də müəllim olacaqdım. Lakin bunun yerinə aktrisalıq, TV aparıcılığını seçməli oldum. 2005-dən bəri bu işlərlə məşğulam. Həm də türkcəni bilməyim işimə çox yarayır. Türk filmlərində rol almışam. Üstəlik, TRT Avaz kanalında aparıcı olmuşam. 15 il də Qırğızıstan dövlət TV kanalında aparıcılıq etmişəm. İndi isə daha çox seriallarda çəkilirəm. YouTube kanalım var. Orda siyasət, mədəniyyət, sağlamlıqla bağlı proqramlar yayınlayıram. Instagram və Facebook-da bloggerlik də edirəm. İzləyicilərimin sayı o qədər çoxdur ki, özümdə ciddi məsuliyyət hiss edirəm və onlar üçün yaxşı olacaq məntiqli, anlamlı, gözəl paylaşımlar-yayımlar edirəm. Hətta ötən il yazılarımı toplayıb kitab halında dərc etdirdim.

Azər HƏSRƏT: Heç Azərbaycana gəldinizmi?

Nəzirə AYTBEK: Beş il öncə dostlarımın dəvətilə Bakıya getdim. Sovet dönəmindən qalma bütün şəhərlər bir-birinə bənzəyir. Moldovaya da getmişəm. Amma sanki öz şəhərimdə gəzirəmmiş kimi gəldi mənə. Həm prospektlər, həm də binalar çox bənzəyir. Bakı dəyişik kimi göründü mənə. Tarixi prospektlər, binalar çox cəlbedicidir. Yeməklərinə isə sadəcə aşiq oldum! Bizdə də Azərbaycan restoranları – yeməkləri var. Könlümə düşəndə təbii ki, ora gedirəm.

Azər HƏSRƏT: Azərbaycan və qırğız xalqları arasında qaynaşma-yaxınlaşmanı sürətləndirmək üçün nələr edilməlidir? Örnək üçün, sənət sahəsində.

Nəzirə AYTBEK: Örnək üçün, Bakıda Qırğızıstan, Qırğızıstanda Azərbaycan həftəlikləri təşkil etmək olar. Bir-birimizi daha yaxından, daha yaxşı tanımaq amacıyla. Bərabər filmlər çəkə bilərik. Ya da siz bizim ölkəni tanıdan, biz də sizin ölkəni tanıdan proqramlar hazırlaya bilərik.

Azər HƏSRƏT: Günün birində Azərbaycandan “bu gözəl qırğız qızını film çəkmək üçün dəvət edirik” desələr necə qarşılarsınız?

Nəzirə AYTBEK: Əlbəttə, müsbət qarşılaram. Nədən olmasın? Sizin ölkəni bizim vətəndaşlarımıza daha yaxından tanıtma fürsətimiz yaranardı. Uluslararası hər hansı təklif olarsa biz hazırıq. Sevə-sevə həm də.

Azər HƏSRƏT: Azərbaycan səfirliyi ilə hər hansı məsələdə təmaslarınız olurmu? Yəni, örnək üçün, tədbirlərə dəvət kimi.

Nəzirə AYTBEK: Təəssüf ki, Azərbaycanın hörmətli səfiri ilə tanışlıq fürsətimiz olmadı. Bəlkə də irəlidə belə fürsətimiz olacaq. Azərbaycan səfirliyi iki ölkə sənət adamları arasında yaxınlaşma üçün bir şeylər etmək istərsə əlimdən gəldiğincə yardımçı olmağa hazıram.

Azər HƏSRƏT: Sənət və siyasət. Sizin üçün hansı daha önəmlidir?

Nəzirə AYTBEK: Əlbəttə ki, sənət! Sənət adamları nə vaxt siyasətə qarışar? Bir ölkədə haqsızlıq, ədalətsizlik yer aldığı vaxt. Bu dönəmlər mən də bir az siyasətə qarışıram. Təəssüf ki. Özümü xalqın qızı olaraq gördüyüm üçün xalq içərisində olan bütün haqsızlıqları ictimailəşdirirəm. Sənət insanları, jurnalistlər xalqla iqtidarlar arasında bir körpüdür. Mən belə düşünürəm.

Və sonda: Nəzirə həm də anadır. Deyir ki, bir oğlum olduğu üçün o qədər xoşbəxtəm ki. Ümumiyyətlə isə analığı xoşbəxtliyin zirvəsi sanır qırğız gözəlimiz. Bir də onu əlavə edək ki, onun sosial media izləyicilərinin sayı minlərlə deyil, milyonlarladır. Təkcə Instagram səhifəsində bir milyondan artıq izləyicisi var. YouTube kanalında isə 150 mindən artıqdır onu izləyənlər. Ayrı-ayrı videolarını izləyənlərin sayı da bəzən milyonlara çatır. Özü də qırğız dilində. Rus dilinin hələ də bir çox sahələrdə hakim olduğu Qırğızıstan üçün bu, olduqca diqqətçəkən göstəricidir. Facebook da daxil olmaqla digər sosial media hesabları da eyni maraqla izlənməkdədir. Nəzirə bugünkü Qırğızıstanın fəal xanım simasıdır. Həm sənətlə, həm ictimai işlə məşğul olur, həm də yeni dönəmin tələblərinə uyğun İKT-dən ən üstün şəkildə istifadə etməyi bacarır. Əslində, onun kimi insanlar türk dünyasında körpü rolunu oynayacaq fərdlərdir. Bizim də müsahibə üçün müraciət etməyimiz elə bu səbəbdən qaynaqlanır.

Müsahibəmizdə həm də Nəzirənin Azərbaycan səfirliyi ilə təmaslarını soruşduq. Təəssüf ki, yoxdur. Halbuki bu cür fəal bir xanımla mütləq təmas olmalıdır. Əslində, bu sualı da təsadüfi vermədik. Məqsədimiz belə fəal, ictimai rəyə fərqli rakursdan təsir edə biləcək şəxslərlə səfirliklərimiz arasında fəal əlaqələrin qurulmasına diqqət çəkməkdir. Düzdür, bizim Bişkekdəki səfirliyimiz passiv səfirliklərdən sayılmaz. Bununla belə bu müsahibəni fürsətə çevirib bütün ölkələrdəki səfirliklərimizin diqqətini həm də bu cür fəallarla işləməyin zərurətinə cəlb etmək istədik…

Mission News Theme by Compete Themes.